Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) iki ödəniş təşkilatına icrası məcburi göstəriş verilməsi ilə bağlı qərar verib.
Trend-in AMB-dən əldə etdiyi məlumata görə, həmin ödəniş təşkilatları "M.A.X Sistemləri Plyus", "PulPal" və "CİBPAY" MMC-lərdir.
Məlumata görə, tənzimləyici qurumun apardığı araşdırmalar nəticəsində “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanununa uyğun olaraq ödəniş xidməti istifadəçilərindən ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsinə dair tələblərin pozuntusu hallarının aradan qaldırılması, habelə Mərkəzi Bankın “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı qanunun tələbləri rəhbər tutularaq "M.A.X Sistemləri Plyus" MMC-yə icrası məcburi olan göstəriş verilib.
Həmçinin, “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı Mərkəzi Bank “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun tələblərini rəhbər tutularaq "PulPal" və “CİBPAY” MMC-lərə icrası məcburi olan göstəriş verib.