Bakı. Trend:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2025-ci ildə ürək-damar sistemi xəstəlikləri üçün ambulatorda dərman vasitələrinin verilməsinə başlayacaq.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova jurnalistlər üçün keçirilən təlimdə deyib
O bildirib ki, “Tibbi sığorta haqqında” qanuna əsasən tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur.
"2025-ci ilin ikinci yarısında ambulator dərmanların icbari tibbi sığorta təminatına alınması nəzərdə tutulub. Ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılıb".
O qeyd edib ki, Agentliyin Tibbi xidmətlər və dərman vasitələri departamenti tərəfindən dərman təminatı mexanizmləri təhlil olunub.
"Belə ki, növbəti il yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq.
Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq.
Bu siyahıya yalnız ambulator şəraitdə həkim tərəfindən resept əsasında yazılan dərmanlar daxil ediləcək".
Aynurə Əhmədova bildirib ki, pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq:
"Dərmanların qiyməti 2 hissədən ibarət olacaq. Şərti kompensasiya məbləği - sığorta tərəfindən, müştərək maliyyələşmə məbləği (MMM) - vətəndaş tərəfindən ödəniləcək. Müştərək maliyyələşmə məbləği dərmanın pərakəndə satış qiymətindən şərti kompensasiya məbləğinin çıxılması ilə müəyyən ediləcək".