Bakı. Trend:
Milli Depozit Mərkəzi (MDM) ölkədə ilk dəfə olaraq səhmdarların iclaslarının distant keçirilməsi və elektron səsvermə (E-vote) sistemini tətbiq edib.
Trend xəbər verir ki, bu barədə MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Azərbaycan Milli Depozit Mərkəzinin "E-vote" sisteminə həsr olunmuş media-brifinqdə məlumat verib.
“Bu xidmət çərçivəsində iclasların gündəliyinə dair bildirişlər və materiallar MDM tərəfindən yaradılmış "İnvestorlar Portalı"nda elektron qaydada yerləşdirilir. Səhmdarlar gündəliklə tanış ola və elektron səsvermə imkanından yararlana bilərlər.
Bu xidmətdən ilk istifadə edən təşkilat Azərbaycan Beynəlxalq Bankı olub. MDM və ABB arasında bağlanmış müqaviləyə əsasən, bankın səhmdarlarının növbədənkənar yığıncağına dair bildiriş səhmdarların "İnvestorlar Portalı"ndakı şəxsi kabinetlərində yerləşdirilib.
Yeni xidmət iclasların distant keçirilməsinə, məlumatların səhmdarlara operativ və vaxtında çatdırılmasına imkan yaradır ki, bu da iclaslarda fiziki olaraq iştirak edə bilməyən səhmdarlar üçün xüsusilə vacibdir. Bu həll kağız daşıyıcılarının istifadəsini minimuma endirir və səhmdarların hüquqlarının qorunmasını gücləndirir”, - deyə o bildirib.