Bakı. Trend:
Azərbaycan Milli Depozit Mərkəzi (MDM) depozitar hesabların açılması üçün yeni arxitektura formalaşdırıb.
Trend xəbər verir ki, bu barədə MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Azərbaycan Milli Depozit Mərkəzinin "E-vote" sisteminə həsr olunmuş media-brifinqdə məlumat verib.
“Artıq investisiya şirkətlərinin müştəriləri depozitar hesablarını uzaqdan aça və qiymətli kağızları haqqında məlumatları API vasitəsilə əldə edə bilərlər. Bu yeni infrastruktur inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsinə uyğun hazırlanıb və Azərbaycanın kapital bazarının inkişafına əhəmiyyətli töhfə verəcək.
Mərkəzi Bankın dəstəyi ilə Azərbaycan Beynəlxalq Bankının ilkin səhm yerləşdirməsi zamanı tətbiq edilən rəqəmsal həllər uğurla sınaqdan keçirilib. Bunun nəticəsində investorlar mobil tətbiq vasitəsilə açılmış depozitar hesablar vasitəsilə sifarişlərini rahat şəkildə yerləşdirə biliblər. Həmçinin, ikincil bazar əməliyyatlarının nəticələrinin qiymətli kağızların balanslarında əks olunması təmin edilib”, - deyə o bildirib.
A.Xudaverdiyev əlavə edib ki, MDM-in inkişaf strategiyası çərçivəsində əsas məqsəd rəqəmsallaşma, xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasıdır.
“Mərkəzi Bankın 2024–2026-cı illər üçün İnkişaf Strategiyasına uyğun olaraq, kapital bazarları sahəsində əsas strateji hədəflər bazar infrastrukturunun inkişafı, bazara inamın və dayanıqlığın gücləndirilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi, eləcə də, investisiya alətlərinin müxtəlifliyinin artırılmasını əhatə edir. Bu hədəflərə nail olmaq məqsədilə "Milli Depozit Mərkəzinin (MDM) 2024–2026-cı illər üzrə İnkişaf Strategiyası" təsdiq edilib.
Maliyyə sektorunun ümumi dayanıqlığı və sabitliyinə töhfə verən aparıcı və effektiv təşkilat olaraq MDM-in əsas prioriteti bazar iştirakçılarına əlçatan, məsuliyyətli və innovativ xidmətlərin təmin edilməsidir. Strategiya çərçivəsində MDM korporativ idarəetməni təkmilləşdirən, informasiya təhlükəsizliyini artıran, genişləndirilmiş imkanlara və qüsursuz əməliyyat sisteminə malik bir təşkilata çevriləcək”, - deyə o vurğulayıb.