Bakı. Trend:
Son günlər bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “dünya çempionu” kimi təqdim olunan şəxsin Ağdam rayonunda iştirak etdiyi insidentlə bağlı məlumatlar yayılıb.
Bu barədə Trend-ə Azərbaycan Karate Federasiyasından məlumat verilib.
Bildirilir ki, Azərbaycan Karate Federasiyası (AKF) olaraq bildiririk ki, həmin şəxsin bu titul altında təqdim olunması rəsmi əsaslara malik deyil.
Qeyd edirik ki, karate idman növündə “dünya çempionu” titulu yalnız Dünya Karate Federasiyası (WKF) və AKF -im tərkibində fəaliyyət göstərən rəsmi qəbul olunmuş karate üslubları üzrə təşkil olunan beynəlxalq yarışlarda əldə edilə bilər. Bu üslublar AKF tərəfindən tanınan və standartlaşdırılmış sistem əsasında fəaliyyət göstərir.
Hansısa qeyri-rəsmi turnirdə, lokal səviyyəli yarışda və ya idman zalında keçirilmiş döyüşlər əsasında bu titulu mənimsəmək yanlış və ictimaiyyəti çaşdıran bir yanaşmadır. AKF bu iddianı qəti şəkildə təkzib edir.
Azərbaycan Karate Federasiyası olaraq, media nümayəndələrini və ictimaiyyəti məlumat yaymamışdan əvvəl rəsmi mənbələrlə dəqiqləşdirmə aparmağa, federasiyanın mövqeyini öyrənməyə və idman ictimaiyyətində yanlış təsəvvürlərin yaranmasının qarşısını almağa çağırırıq.
Məhz bu cür halların qarşısının alınması üçün Azərbaycan Karate Federasiyası vahid bir sistem altında fəaliyyət göstərir. Federasiyanın məqsədi karate idman növünün ölkə daxilində beynəlxalq standartlara uyğun şəkildə inkişafını təmin etmək və bu idman növü üzrə vahid qaydaları tətbiq etməkdir.