Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan insanların gündəlik həyatını asanlaşdıran rabitə infrastrukturunun qurulması, telefon, internet xidmətlərinin təşkili və poçt xidmətlərinin genişləndirilməsi istiqamətində də zəruri tədbirlər görülür.
Trend xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun növbəti iclasın Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi qrupunun rəhbəri Rəhman Hümmətov deyib.
Nazirinin müavini qeyd edib ki, hazırda 17 yaşayış məntəqəsində telekommunikasiya xidmətləri təşkil edilib və 4535 abunəçinin müasir texnologiyalardan istifadə etməsinə şərait yaradılıb.
"Şuşa, Xankəndi, Füzuli və Laçın şəhərlərində, həmçinin Zəngilan rayonunun Ağalı kəndində və Xocavənd rayonunun Hadrut qəsəbəsində poçt şöbələri açılmaqla xidmətlər təşkil olunub. Bununla yanaşı, işğaldan azad edilmiş digər ərazilərdə fəaliyyət göstərən hərbi hissələrə, həmçinin əhali, dövlət qurumları, müəssisə və təşkilatlara təsdiqlənmiş marşrutlara uyğun olaraq səyyar poçt xidmətləri göstərilir", - deyə o qeyd edib.