Bakı. Trend:
2024-cü ildə Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhəri) və Oman Sultanlığındakı (Maskat şəhəri) diplomatik missiyaları fəaliyyətə başlayıb, İran İslam Respublikasındakı səfirliyi isə 15 iyul tarixindən öz işini bərpa edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair hesabatında qeyd edilib.
"Bununla, Azərbaycan Respublikasının xaricdə diplomatik missiyalarının ümumi sayı 92-yə çatıb. (69 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi). Vanuatu Respublikası Bakı şəhərində Baş Konsulluğunun təsis edilməsi, Kuk adaları isə diplomatik münasibətlərin qurulması ilə bağlı müraciət edib.
Azərbaycan Respublikası, əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə də dünyada sülh, təhlükəsizlik və dayanıqlı inkişafın təmin olunması və bu kontekstdə beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığa öz töhfəsini verib", - deyə vurğulanıb.