...

ICAO təyyarə qəzasının araşdırılması üçün ekspert göndərməyə hazırdır

Cəmiyyət Materials 28 Dekabr 2024 12:31 (UTC +04:00)
ICAO təyyarə qəzasının araşdırılması üçün ekspert göndərməyə hazırdır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) “Azerbaijan Airlines” (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzasının səbəblərinin araşdırılmasına dəstək verməyə və bu məqsədlə beynəlxalq araşdırma qrupunda müşahidəçi qismində iştirak etmək üçün öz ekspertini göndərməyə hazırdır.

Trend bu barədə “ICAO”ya istinadən xəbər verir.

“ICAO 2024-cü il dekabrın 25-də “Azerbaijan Airlines” aviaşirkətinin 8243 saylı reysinin faciəvi qəzası nəticəsində həlak olanların və xəsarət alanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın (Çikaqo Konvensiyası) 13 saylı Əlavəsinə uyğun olaraq, ICAO üzv dövlətləri kompleks və müstəqil araşdırmanın aparılmasına hərtərəfli dəstək verməyə çağırır. Bu beynəlxalq mülki aviasiya standartları maraqlı tərəflərin iştirakını təmin etməklə müstəqil araşdırma aparılmasını tələb edir.

Araşdırmaçılar hadisə ilə bağlı bütün müvafiq məlumatları toplamaq, faktları müəyyənləşdirmək və bu faciəyə səbəb olan və ya töhfə verən mümkün təhlükəsizlik faktorlarını və ya təhdidləri təhlil etmək vəzifəsini daşıyırlar.

Onlar, həmçinin, nəticələrinə əsaslanaraq təhlükəsizlik tədbirlərinin yaxşılaşdırılması ilə bağlı tövsiyələr təqdim etməlidirlər. Aviasiyada təhlükəsizlik və mühafizəni təmin etmək məqsədilə ICAO bu araşdırmaya dəstək göstərmək üçün ekspert göndərməyə hazırdır”, - deyə təşkilatın bəyanatında bildirilir.

ICAO bütün maraqlı dövlətləri və xidmət təminatçılarını araşdırma prosesinə tam dəstək vermək məqsədilə bütün müvafiq məlumatları və sənədləri qoruyub saxlamağa çağırır.

“Araşdırmada operator dövlətlər, təyyarənin qeydiyyat dövləti, təyyarə və mühərriklərin dizayn və istehsal dövlətləri, eləcə də vətəndaşları hadisə nəticəsində həlak olan və ya ağır xəsarət alan dövlətlər iştirak edə bilərlər. 13 saylı Əlavəyə görə, araşdırma yalnız gələcəkdə baş verə biləcək qəza və insidentlərin qarşısını almaq məqsədilə təhlükəsizliklə bağlı məlumatların və məlumatların toplanması və təhlil edilməsi məqsədini güdür.

13 saylı Əlavə hadisədən sonra 30 gün ərzində ilkin hesabatın, 12 ay ərzində isə yekun hesabatın hazırlanmasını tələb edir. ICAO-nun bu prosesə dəstəyi bu faciəyə töhfə verən bütün mümkün faktorların təhlilini əhatə edən hərtərəfli araşdırmanın aparılmasına və oxşar hadisələrin gələcəkdə qarşısını almağa imkan yaradacaq tövsiyələrin hazırlanmasına kömək edəcək”, - deyə təşkilatın bəyanatında vurğulanır.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti