Bakı. Trend:
Dekabrın 28-də Bakıda Su İdman Sarayında üzgüçülük idman növü üzrə “Parlaq Ulduz” Uşaq Liqasının 3-cü final mərhələsi start götürüb. Azərbaycan Üzgüçülük Federasiyasının, Bakı şəhəri Gənclər və İdman İdarəsinin və Bakı Su İdman Sarayının təşkilatçılığı ilə keçirilən yarışda ölkənin 30-a yaxın idman klubunun və seksiyalarının 200-ə yaxın idmançısı mübarizə aparıblar.
Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin, Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan təyyarədə həlak olan həmvətənlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Hakimlərin keçidindən sonra idmançıların paradı olub.
Tədbirin açılışında çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının vitse prezidenti Tamerlan Abdullazadə idmançıları salamlayaraq onlara final mərhəsində uğurlar arzulayıb. O vurğulayıb ki, bu kimi yarışlar ölkəmizdə qabiliyyətli və bacarıqlı idmançıların aşkar edilməsində, onların gələcəkdə milli komandanın tərkibində Azərbaycanı beynəlxalq turnirlərdə və yarışlada layiqincə təmsil etmək imkanı qazanırlar. Sonra çıxış edən Bakı Su İdman Sarayının direktoru Tələt Məmmədov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Sonra yarışlara start verilib.
Qeyd edək ki, turnirdə 1-ci yaş qrupunda 2012-2013-cü təvəllüdlü oğlanlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü oğlanlar, 1-ci yaş qrupunda 2013-2014-cü il təvəllüdlü qızlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü qızlar öz güclərini sınayıblar. Yarışlara digər yaş qrupundan da idmançılar qatılıblar. Bakı Su İdman Sarayında bir gün davam edən “Parlaq Ulduz” Uşaq liqasının final mərhəsinin qalibləri diplom və medallarla təltif olunacaqlar. Məlumat üçün bildirək ki, bundan öncə Parlaq Ulduzun iki seçmə mərhələsi artıq keçirilib. Həmçinin ən yüksək xallar toplayan üzgüçülər Bakı şəhər yığma komandasının tərkibinə daxil ediləcəklər.