Astana. Trend:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılmasını təmin etməyi tapşırıb.
Trend Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kasım-Jomart Tokayev bu barədə təyyarə qəzası ilə bağlı bu gün keçirilmiş iclasda bildirib.
"Dövlət başçısı Hökumət Komissiyasına zərərçəkmiş xarici vətəndaşlara bütün zəruri tibbi və psixoloji yardımın göstərilməsini təmin etməyi, eləcə də həlak olmuş Qazaxıstan vətəndaşlarının yaxınlarına xüsusi diqqət yetirməyi tapşırıb. Hökumət Komissiyasına və Baş Prokurorluğa digər səlahiyyətli qurumlarla birgə təyyarə qəzasının hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək tapşırılıb", - deyə Prezidentin ofisinin məlumatında qeyd olunur.
Bundan əlavə, Kasım-Jomart Tokayev qeyd edib ki, qəza zamanı təcili yardım xidmətləri operativ və əlaqəli fəaliyyət göstərib.
“Biz qəzanın daha ağır nəticələrinin qarşısını ala bildik və çoxsaylı insan həyatını xilas etdik. Xilasetmə işləri yüksək səviyyədə həyata keçirildi. Hadisə ilə bağlı dolğun məlumatlar cəmiyyətə vaxtında çatdırıldı. Vətəndaşlarımız ilk dəqiqələrdən zərərçəkmişlərə yardım əlini uzatdı, həmrəylik, səmimi rəhm və təşkilatçılıq nümayiş etdirdilər. İnsanlar qan vermək üçün növbəyə durdular”, - deyə Prezident bildirib
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.