Bakı. Trend:
Laçın rayonu Qayğı qəsəbəsi ərazisində abadlıq işləri aparılacaq.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, abadlıq işləri çərçivəsində qəsəbə daxili yolların və işıqların cari təmiri işləri həyata keçiriləcək.
Məlumata görə, artıq bunula bağlı Laçın Rayon İcra Hakimiyyəti Başçısının Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi hazırlıq işlərini yekunlaşdırıb.
Qurum sözügedən işlərin layihə-smeta sənədlərinin hazırlanması xidmətlərini "Az. Arxitektura" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 4 500 manat olan müqavilə imzalayıb.
Qeyd edək ki, qəsəbədə layihə-smeta sənədlərini hazırlayacaq Az. Arxitektura" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 010 manat olan MMC-nin qanuni təmsilçisi Şükürlü Yunis Sahib oğludur.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatlarından sonra isə Qayğı qəsəbəsi, Ağanus, Dəyirmanyanı, Ərəb, Malxələf, Məlikpəyə, Mığıdərə, Unannovu kəndləri yenidən Azərbaycanın suverenliyinə keçib.