Bakı. Trend:
Günəşə maksimal yaxın məsafəyə qədər uçan "Parker Solar Probe" kosmik aparatı Yerlə əlaqə saxlayıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) məlumat yayıb.
Məlumata görə, dekabrın 24-də zond təxminən 690 min km/saat sürətlə uçaraq Günəşə 6.12 milyon km-lik rekord dərəcədə yaxın məsafəyə çatıb. O zaman alimlər kosmik gəmi ilə əlaqəni itiriblər. Lakin iki gün sonra, dekabrın 26-na keçən gecə onlar "Parker Solar Probe"dan siqnal alıblar ki, bu da zondun normal işlədiyi deməkdir.
Xatırladaq ki, zond 2018-ci ildə Günəş haqqında biliklərin təkmilləşdirilməsi, həmçinin Yerdəki həyata təsir göstərə biləcək kosmik hava hadisələrinin proqnozlaşdırılması üçün yeddiillik missiya çərçivəsində buraxılıb. Bütün bu illər ərzində o, nəhayət ki, mümkün olan ən yaxın məsafəyə çatmaq üçün Günəşə yaxınlaşmağa davam edib.
Nəticədə kosmik aparat ilk dəfə olaraq Günəş atmosferinin yuxarı təbəqələrinə - temperaturun 1-2 milyon dərəcə Selsiyə çatdığı Günəş tacı adlanan hissəsinə daxil ola bilib.