Bakı. Trend:
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın daha bir neçə şəhərinə uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılır.
AZAL-ın Mətbuat xidmətindən Trend-ə bildirilib ki, uçuşların dayandırıldığı hava limanları aşağıdakılardır:
• Saratov
• Nijni Novqoroq
• Vladiqafqaz
Qeyd edək ki, daha öncə Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa və Samara hava limanlarına uçuşlar dayandırılmışdı.
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdir.
Təhlükəsizlik səbəbindən Qroznı və Maxaçqala da daxil olmaqla, yuxarıda qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilmişdir.
Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.