...

Təyyarənin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib - Nazir

Cəmiyyət Materials 27 Dekabr 2024 17:36 (UTC +04:00)
Təyyarənin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib.

Trend xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

"İstər yerli, istərsə də beynəlxalq mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, təyyarənin ekipajı qəhrəmanlıq göstərərək ən optimal eniş edib. Bunun nəticəsində də daha çox insanın xilas edilməsi mümkün olub", - nazir bildirib.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti