...

Azərbaycan beynəlxalq məsləhətçiləri də təyyarə qəzasının araşdırılması prosesinə cəlb edib - Nazir

Cəmiyyət Materials 27 Dekabr 2024 17:31 (UTC +04:00)
Azərbaycan beynəlxalq məsləhətçiləri də təyyarə qəzasının araşdırılması prosesinə cəlb edib - Nazir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan beynəlxalq məsləhətçiləri də Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğrmasının araşdırılması prosesinə cəlb edib.

Trend xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

"Azərbaycan öz hüququndan istifadə edərək beynəlxalq məsləhətçiləri də prosesə cəlb edib. Artıq onlarla təmaslarımız var", - o bildirib.

Nəbiyev əlavə edib ki, “Embraer” şirkətinin iki mütəxəssisi hadisə yerindədir, araşdırma qrupuna cəlb edilib.

"Eyni zamanda, Braziliyanın mütəxəssisləri də sabah hadisə yerində olacaqlar", - o bildirib.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti