Bakı. Trend:
Aktau yaxınlığında baş vermiş aviasiya qəzasında xəsarət alan üç Azərbaycan vətəndaşı hazırda Qazaxıstanda tibbi nəzarət altındadır.
Trend Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Manqistau vilayətinin çoxprofilli xəstəxanasından məlumat verilib.
Hazırda xəstəxanada 6 pasiyentin müalicəsi davam edir.
"Dörd pasiyent reanimasiya şöbəsindədir, onlardan birinin vəziyyəti çox ağırdır. Üçü stabil ağır vəziyyətdədir. İki pasiyent travmatologiya şöbəsində müalicəsini davam etdirir. Hazırda çoxprofilli xəstəxanada müalicə alan 6 pasiyentin üçü Azərbaycan vətəndaşı, üçü isə Qırğızıstan vətəndaşıdır. Onlar tam şəkildə müalicə alırlar", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.