Ağdam. Trend:
Xocalı şəhərinin Ballıca kəndindən çıxanda mənim 29 yaşım var idi.
Trend xəbər verir ki, bu sözləri Ballıca kənd sakini Oqtay Süleymanov köç zamanı təəssüratlarını bölüşəndə bildirib.
O, gənclik dövründə tərk etdiyi kəndə ailə üzvləri ilə yenidən qayıtmağın sevincindən danışıb:
"Üç nəvəm, gəlinim və mən hazırda gedirik. Oğlum, qardaşım və bacımla orada görüşəcəyik. 31 Dekabr - Həmrəylik gününü doğma yurdda ailəmlə keçirəcəyimə görə çox sevinirəm".
Qeyd edək ki, Xocalının Ballıca kəndinə bu gün 21 ailənin 119 nəfərin köçürülməsi həyata keçirilib. Dekabrın 27 - də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz ata - baba yurdlarına qayıdan keçmiş məcburi köçkünlər 32 ildən sonra ilk dəfə olaraq hər iki bayramı öz doğma torpaqlarında qeyd edəcəklər.
Böyük qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.
Xatırladaq ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19 - 20 sentyabr 2023 - cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub.