Bakı. Trend:
Dünyada geosiyasi gərginliklərin davam etdiyi, əmtəə və xidmətlərin ilbəil bahalaşdığı bir dövrdə iqtisadi artıma nail olan Azərbaycan hökuməti vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına, neqativ proseslərin həyat keyfiyyətinə mənfi təsirlərinin azaldılmasına xidmət edən islahatları davam etdirir.
Ukrayna və Yaxın Şərqdəki müharibə səbəbindən bir sıra region ölkələrində qeydə alınan aşağı iqtisadi artım göstəricilərinə rəğmən, 2024-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatının 4,1 faiz, o cümlədən qeyri-neft sektorunun 6,4 faiz artması, strateji valyuta ehtiyatlarının 72 milyard dolları ötməsi, birbaşa xarici dövlət borcunin ümumi daxili məhsulun (ÜDM) cəmi 7,3 faizini təşkil etməsi ölkənin davamlı inkişaf yolunda olduğunu, maliyyə sabitliyinin qorunub saxlanıldığını bir daha təsdiqləyir.
Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən, gəlir və xərc proqnozlarına görə builki rekordu yeniləyən 2025-ci ilin dövlət büdcəsi göstərir ki, Azərbaycanda vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində növbəti sosial tədbirlər paketinin reallaşdırılması təmin ediləcək. Gələn ilin dövlət büdcəsinin gəlirlərinin təxminən 38,4 milyard manat, xərclərinin 41,4 milyard manat proqnozlaşdırılır. Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ilin dövlət büdcəsində kəsirin ÜDM-ə nisbətinin 2,4 faiz təşkil edəcəyi, ümumi daxili məhsulun 3,5 faiz (129,2 milyard manat), qeyri-neft sektoru üzrə 4,9 faiz real təşkil edəcəyi proqnozlaşdırılır.
Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20,6 faizini təşkil edir ki, bu da hərbçilərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsinə imkan verəcək. Büdcənin əsas xərc istiqamətlərindən biri də əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı olacaq, şəhid ailələrinə, qazilərə diqqət və qayğı siyasəti daha da gücləndiriləcək.
Ümumilikdə, yeni mərhələdə aparılan islahatların əsas hədəfi xüsusən də aztəminatlı və həssas əhali qruplarının ölkədəki inkişaf proseslərindən daha dolğun və hərtərəfli şəkildə bəhrələnmələrinə şəraitin yaradılmasıdır. 2025-ci ildə sosialyönümlü xərclərin 16,9 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41 faizini təşkil etməsi nəzərdə tutulur. 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə artımların 3 milyona yaxın vətəndaşı əhatə edəcəyi gözlənilir. Əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi və sosial təminat xərcləri üçün 4812 milyon manat, ünvanlı dövlət sosial yardım üçün 457 milyon manat, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi üçün 311 milyon manat vəsait ayrılması planlaşdırılır.
Son illərdə dünya ölkələrində qeydə alınan yüksək inflyasiya, qiymət artımları bir sıra mal və məhsulları xaricdən idxal edən Azərbaycana da təbii olaraq təsirsiz ötüşməyib. Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamı deməyə əsas verir ki, ölkə rəhbərliyi sosialyönümlü iqtisadiyyatın formalaşdırılması, ədalət prinsiplərinə söykənən sosial quruluşun təmin olunması, iqtisadi gəlirlərin və maddi nemətlərin mütənasib qaydada bölüşdürülməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, dövlətimizin yürütdüyü siyasətin əsasında insan amili dayanır. Bu baxımdan dövlətin sosialyönümlü siyasəti azad bazar iqtisadiyyatının tələbləri ilə kəskin ziddiyyətlər doğurmur.
Əslində ölkənin milli inkişaf modelini xarakterizə edən əsas xüsusiyyətlərdən birini də möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi-rifah halının davamlı olaraq yüksəlməsi təşkil edir. Eyni zamanda, müəyyən zərurət qarşısında həyata keçirilən qiymət tənzimləmələri sosialyönümlü tədbirlərlə kompensasiya edilir. Dövlət vətəndaşların sosial mənafeyini nəzərə alaraq bəzən böyük maliyyə maliyyə tələb edən tələb investisiya layihələrini də maliyyələşdirir.
Dövlət başçısının son sərəncamına əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləğinin 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləğinin 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılması əhalinin sosial müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, bu artımlarla birgə 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və artım dinamikası gələn il də davam edəcək. Sərəncam əsasında Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək, nəzərdə tutulan artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
Göründüyü kimi, mövcud iqtisadi vəziyyətdə hökumət əhaliyə, xüsusən də aztəminatlı, həssas qruplardan olan vətəndaşlara dəyən maddi ziyanın kompensiyası məqsədilə bütün zəruri tədbirləri reallaşdırmağı hədəfləyir. Sosial xərclərin büdcədəki xüsusi çəkisinin ildən-ilə yüksəlməsi Azərbaycanda sosialyönümlü siyasətin prioritet olduğunu bir daha təsdiqləyir.
MTM Analitik Qrup