Bakı. Trend:
Reanimasiyada olan xəstənin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə kafi olaraq qiymətləndirilir.
Trend xəbər verir ki, bunu "Yeni Klinika"nın baş həkiminin müavini və Transplantologiya şöbəsinin direktoru Eldar Əhmədov təyyarə qəzasında yaralananların vəziyyəti ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xəstələrdən biri sabah əməliyyat olunacaq:
"Dünən təqribən saat 19 radələrində xəstəxanamıza 14 xəstə daxil oldu hansı ki, bu xəstələr gəlməmişdən əvvəl bütün xəstəxanada cərrahi briqada, orto-travmatoloji, neyro-cərrahi briqada ilə birgə hazır vəziyyətdə gözlədik. Xəstələri qəbul etdik və onlar müvafiq şöbələrə yerləşdirildi. Hal- hazırda 14 xəstəmiz var. Onlardan biri reanimasiyada olmaq şərti ilə xəstələrin müalicəsi stasionar şəraitdə davam etdirilir. Reanimasiyada olan xəstənin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə kafi olaraq qiymətləndirilir. Xəstələrin diaqnozları bədənin müxtəlif nayihələrində küt travmalar, bədən cızıqları, yüngül sümük sınıqlarıdır. Yalnız bir xəstəmizdə baldır sümüyünün açıq qəlpəli sınığı aşkarlanıb. Onun da əməliyyatı planlaşdırılır. Çox güman sabah o xəstə əməliyyata alınacaq",- deyə o əlavə edib.
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.