Bakı. Trend:
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Qeyd edilib ki, Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.
XXX
12:32
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mineralnıye Vodıya uçan təyyarəsi hava limanına qayıtmağa məcbur olub.
Trend xəbər verir ki, bunu Flightradar24 xidmətinin məlumatları görmək mümkündür.