...

Volodimir Zelenski "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib

Siyasət Materials 27 Dekabr 2024 20:36 (UTC +04:00)
Volodimir Zelenski "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin dəhşətli qəzası ilə bağlı daha çox təfərrüatlar məlum olur. Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verirəm.

Hər bir insan həyatı qiymətlidir və hər bir itki həqiqəti müəyyən etmək üçün hərtərəfli araşdırmaya layiqdir.

Qəza yerindəki aydın əyani sübut Rusiyanın bu faciəyə görə məsuliyyət daşıdığını göstərir.

Əgər Rusiya MH17 ilə olduğu kimi yalan yaymağı seçərsə, biz həqiqəti bərqərar etmək və ədaləti təmin etmək üçün Moskvaya bütün beynəlxalq təzyiqləri birləşdirməliyik", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti