Bakı. Trend:
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.
Azərbaycançılıq ideologiyasının inkişafı və təbliği Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə bu məsələni xüsusi diqqətdə saxlayırdı. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki və soykökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi. Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsində dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində mühüm addımlar atıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Azərbaycan Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi və həmin vaxtdan etibarən hər il bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Ümummilli Lider Heydər Əliyev ilk gündən belə bir çağırışı etdi ki, suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur. Ulu Öndər, eyni zamanda, belə bir çağırışı da diqqətə çatdırdı ki, kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını, işğal edilmiş torpaqlarının azad olunmasını, ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında, bu amal ətrafında birləşməlidir. Bu gün əminliklə qeyd edirik ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü planetimizin 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini nəsillərdən-nəsillərə ötürürlər.
Vüqar Rəhimzadə bu mühüm məqamı xüsusi qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və Sərəncamı ilə 2001-ci ilin 9-10 noyabr tarixlərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Ulu Öndər öncə dünya azərbaycanlılarının yaşadığı ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail oldu. Sonra onların vahid mərkəzdən idarə olunmasını təmin etmək üçün qurultayın keçirilməsinin vacibliyini bildirdi. Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında Ümummilli Liderin mühüm çağırışlarından biri bu oldu ki, Vətən birdir və hər birimiz bu Vətən üçün çalışmalıyıq. Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır!
Milli Məclisin deputatı qeyd edib ki, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirən Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində zamanla səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilən Dünya Azərbaycanlılarının qurultayları soydaşlarımızın ölkəmiz haqqında daha dolğun məlumatlar əldə etmələrinə, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına stimul verir. Qurultaylarda ötən beş ilin uğurlarının hesabatı verilir, qarşıdakı dövrün hədəfləri müəyyənləşdirilir. Onu da qeyd edək ki, 2018-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Adından da göründüyü kimi məqsəd Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək, xalqımızı və dövlətimizi dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməkdir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edildi.
Vüqar Rəhimzadə vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük lokal antiterror tədbirləri birliyimizin, həmrəyliyimizin nümayişi oldu. Vətən müharibəsinin gedişində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu. Dövlətimizin başçısı İlham Əliyevin vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi yüksək Sərkərdəlik əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.
Millət vəkili xaricdə yaşayan soydaşlarımızın vahid amal uğrunda birləşdirilməsində tarixi Zəfərimizin reallıqları fonunda 2022-ci ildə Qarabağın tacı, türk və İslam dünyasının mədəniyyət paytaxtı Şuşanın ev sahibliyi ilə keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, 65 ölkədən 400-dən çox diaspor nümayəndəsinin və qonağın qatıldığı Qurultay tariximizə Zəfər Qurultayı kimi yazıldı. Dövlətimizin başçısı İlham Əliyev Qurultaydakı çıxışında bildirdi ki, biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu Qurultayın adı Zəfər Qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, Qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Prezident İlham Əliyev onu da qeyd etdi ki, buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk Qurultayı xatırlayırdım. Ulu Öndər dərin məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir. Demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz, Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V Qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Şuşa da öz doğmalarını belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü yeni bir ovqatla qeyd edirlər. Artıq dörd ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə, başını dik tutaraq, alnıaçıq, üzüağ yaşayırlar. Bayramlarımız tarixi sahibinə qayıtmış torpaqlarımızda böyük qürur və sevinc hissi ilə qeyd edilir.