...

Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi azalıb

İqtisadiyyat Materials 27 Dekabr 2024 14:13 (UTC +04:00)
Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla İsrail arasında ticarət əməliyyatlarının həcmi 760,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 659,1 milyon ABŞ dolları və ya 46,4% azdır.

Hesabat dövründə İsrail ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,76%-i həcmində olub.

11 ayda Azərbaycan İsrailə 730,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 655,5 milyon ABŞ dolları və ya 47,3% azdır. Dövr ərzində İsrail ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 3%-ni təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan İsraildən məhsul idxalını illik müqayisədə 338,7 min ABŞ dolları və ya 10,7% azaldaraq 3,5 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində İsrail ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 0,16%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,2 milyard ABŞ dolları və ya 8,9% azdır.

Xarici ticarət dövriyyəsinin 24,3 milyard ABŞ dolları ixracın, 18,7 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,1 milyard ABŞ dolları və ya 22,8% azalıb, idxal isə 2,9 milyard ABŞ dolları və ya 18,7% artıb.

Nəticədə, xarici ticarətdə 5,5 milyard dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 10,1 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti