...

Uşaq ölümünün qarşısının alınması daha vacib problemdir

Cəmiyyət Materials 30 May 2007 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /müx. "TrendLife" Fərid Sadıxov/

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10 ildə Azərbaycanda qurulan ailələrdə doğulan uşaqların sayı 1, 2, bəzi hallarda isə 3-dən çox olmur. Bəzi ekspertlər ailələrdə uşaqların sayının azalmasını mənfi hal kimi qiymətləndirərək bunun gələcəkdə demoqrafik problem yarada biləcəyini iddia edirlər. Onların fikrincə, sovet dövründə olduğu kimi, çoxuşaqlılığa meylin artırılması istiqamətində addımlar atılmalıdır. Yeri gəlmişkən, Milli Məclis də bu yaxınlaradək "Çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında" qanun layihəsi üzərində işləyirdi. Həmin qanunda çoxuşaqlı ailələrin sosial təminatının yaxşılaşdırılması, onlara dövlət qayğısının, gənc ailələrdə çoxuşaqlılığa meyilliliyin artırılmasının təmin olunması və digər amillərin yer alacağı gözlənilirdi.

"TrendLife"a məlum olub ki, parlament artıq həmin qanunun hazırlanmasından imtina edib. Bu barədə məlumat verən Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda çoxuşaqlılığa meylin artılımasına ehtiyac yoxdur. "Ölkəmizdə hər il 1,2 faiz artım qeydə alınır. Bu 85 min əhali artımı deməkdir. Əgər təbii artım bu səviyyədədirsə, onda ailələrdə çoxuşaqlılığa nə ehtiyac var? Biz hesab edirik ki, ailələrdə çoxuşaqlılığa meylin artırılması yaxşı nəticə verməz" - deyə Rəcəbli bildirib. Onun sözlərinə görə, bu gün uşaq ölümünün qarşısının alınması daha vacib problemdir.

Xəbər lenti

Xəbər lenti