...

Sabiq səhiyyə nazirinin kassasiya şikayəti icraata verilib

Cəmiyyət Materials 10 İyul 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Sabiq səhiyyə nazirinin kassasiya şikayəti icraata götürülüb. Ali Məhkəmədən çərşənbə axşamı Trend ə bildirilib ki, sabiq nazir Əli İnsanovun Apellyasiya Məhkəməsinin hazırlıq iclasının qərarından verdiyi kassasiya şikayəti hakim Müzəffər Ağazadənin icraatına verilib. Şikayətə iyulun 24-də baxılacaq.

Sabiq nazir kassasiya şikayətində hazırlıq iclasının qərarının ləğv olunmasını xahiş edir.

Hazırlıq iclasında İnsanovun vəkilləri sabiq nazir barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinin təkrar məhkəmə baxışına göndərilməsi barədə vəsatətlər versə də hakim Salman Hüseynov vəsatətləri təmin etməyib.

Hazırlıq iclasının qərarından kassasiya şikayəti verildiyindən hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə baxışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti