...

Elektrik enerjisinin 43 faizini yaşıl mənbələr hesabına əldə edən İtaliya təcrübəsini Azərbaycanda bölüşməyə hazırdır (FOTO)

İqtisadiyyat Materials 19 İyul 2018 18:01 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya işgüzar görüşü keçirilib.
Elektrik enerjisinin 43 faizini yaşıl mənbələr hesabına əldə edən İtaliya təcrübəsini Azərbaycanda bölüşməyə hazırdır (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İtaliya işgüzar görüşü keçirilib.

Trend-in məlumatına görə, İtaliya iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçinin rəhbərliyi ilə nümayəndə heyəti, bir sıra dövlət qurumları, şirkət və iş adamlarının iştirakı ilə keçirilən işgüzar görüş nəqliyyat infrastrukturu və loqistika, yaşıl enerji və ətraf mühit, və kənd təsərrüfatı üzrə 3 tematik dəyirmi masa formatında keçirilib.

“Enerji və yaşıl texnologiyalar” dəyirmi masasında çıxış edən energetika nazirinin müavini Samir Vəliyev bu forumu İtaliya prezidentinin Azərbaycana səfəri çərçivəsində keçirilən ən mühüm tədbirlərdən biri kimi qiymətləndirib. Bildirilib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Azərbaycan iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinə böyük önəm verir. İtalyan şirkətlərinin Azərbaycanda neft, qaz, energetika sahələrində fəaliyyət göstərdiyini və investisiya yatırdığını qeyd edən nazir müavini bu istiqamətdə Azərbaycan qazının Avropaya çatdırılmasında “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini xüsusilə vurğulayıb. Dəhlizin əsas hissələrindən olan TAP layihəsi üzrə işlərin qrafikə uyğun davam etdiyini və nəzərdə tutulan vaxtda başa çatacağını və bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində vacib rol oynayacağına inamını ifadə edib.

İtaliyanın bərpa olunan enerji sahəsi üzrə təcrübəsinin olduğunu bidirən Samir Vəliyev bu sahədə də əməkdaşlıq imkanlarının olduğunu deyib.

Nazir müavini forumun Azərbaycan-İtaliya arasında iqtisadi-ticari əlaqələrin daha da inkişafı üçün imkanların müzakirəsində məhsuldar olacağını və gələcək əməkdaşlığa böyük töhfələr verəcəyini bildirib.

İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb.

Bildirilib ki, İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əsasən neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir və İtaliya tərəfdaş ölkələrdə enerji sahəsində həyata keçirdiyi layihələri davam etdirmək niyyətindədir. “İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir və biz Azərbaycanın birinci müştərisiyik”.

Mikele Ceraçi son 10 ildə ölkəsinin bərpa olunan enerji sahəsindəki uğurlarından, həyata keçirdiyi layihələrdən danışaraq ölkəsinin elektrik enerjisinin 43 faizini yaşıl mənbələr hesabına əldə etdiyini diqqətə çatdırıb. Bu sahədəki təcrübəsini Azərbaycanda bölüşməyə hazır olduğunu bildirən qonaq enerji effektivliyinin artırılması, enerjidən qənaətli istifadə sahəsində İtaliya şirkətlərinin Azərbaycana dəstək olacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti