...

Azərbaycan bankı OFID-dən kredit cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2009 15:37 (UTC +04:00)
Azərbaycan bankı AGBank OPEC yanında Beynəlxalq İnkişaf Fondundan (OFID) 9,5 milyon dollar cəlb edib.

Azərbaycan, Bakı, 29 iyul / Trend /

Azərbaycan bankı AGBank OPEC yanında Beynəlxalq İnkişaf Fondundan (OFID) 9,5 milyon dollar cəlb edib. Bu barədə bankdan verilən məlumatda deyilir.

Kredit razılaşmasının şərtlərinə görə, 5 milyon dollar kiçik və orta sahibkarlıq sahəsində layihələrin maliyyələşməsinə yönəldiləcək. Qalan 4,5 milyon dollar isə ticarət maliyyələşməsi üçün nəzərdə tutulur. Kreditin ödəniş müddəti beş ildir.

1976-cı ildə əsası qoyulmuş OFID beynəlxalq inkişaf institutlarından biridir və onların inkişafına maliyyə yardımı göstərilməsi vasitəsilə OPEC ölkələrinin digər inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığını möhkəmləndirmək məqsədi daşıyır. Fondun verdiyi ümumi birgə yardım 10,6 milyard dollardan çoxdur. Bunun 1,4 milyarddan çoxu qrant formasında verilib.   

Fondun dəstəyi ilə Azərbaycanda iki layihə gerçəkləşdirilir. Fond Vəlvələçay-Taxtakörpü kanalının inşası və Ucar-Yevlax avtomobil yolunun yenidən qurulması layihəsinə 14 milyon dollar həcmində güzəştli kredit verib.

Son 12 il müddətində AGBank Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası və Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir.

Aprelin əvvəlində bank artıq 9,5 milyon dollar məbləğində OFID-in kredit resurslarını cəlb edib.

Hazırda AGBank-da iki əcnəbi səhmdar var. 2008-ci ilin mayında bankın səhmlərinin 10 faizi 1,5 milyon manat nominal qiymətlə 8,36 milyon manata ABŞ-ın Kazimir Investment Caspian Fund şirkətinə verilib.

Yeni səhmdarın gətirilməsi nəticəsində bankın nizamnamə kapitalı hər səhmin 10 manatlıq nominal dəyəri ilə 26,556 milyon manatadək artıb.  

Bankın əsas səhmdarları Çingiz Əsədullayev və Fərzulla Yusifov, eləcə də Kazimir Caspian Fund Limited-dir. Bankın 13 filialı var.

İyulun 29-na olan cari məzənnə 0,8042 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti