...

Azərbaycan Dəmir Yolları neft daşmalarının qarşısının alınmasında məsləhətçi seçimi üzrə müsabiqə elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2010 13:44 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC neft daşmalarının qarşısının alınması tədbirlərində potensial yaradılmasına dair texniki məsləhətçi seçimi üzrə maraqlar sorğusu elan edib.

Azərbaycan, Bakı, 26 yanvar / Trend /

"Azərbaycan Dəmir Yolları" QSC neft daşmalarının qarşısının alınması tədbirlərində potensial yaradılmasına dair texniki məsləhətçi seçimi üzrə maraqlar sorğusu elan edib. Bu barədə ADY-nin məlumatında deyilir.

Layihə çərçivəsində ADY neft daşmalarınn qarşısını almaq və təcili tədbirləri görmək üçün avadanlıqlar almağı planlaşdırır. Layihə Dünya Bankının "Azərbaycanın dəmiryolu və ticarətinə dəstək" layihəsi üzrə ayırdığı kredit vəsaitləri çərçivəsində həyata keçiriləcək.

Məsləhətçinin işi üç istiqamətdə aparılacaq: ADY fövqəladə hallar planının hazırlanması; neft daşmalarının qarşısının alınması üçün lazımi avadanlıqların alınması sayəsində ADY tərkibində (tender sənədləşmələrinin hazırlanması və tender prossesi) layihə qrupuna dəstək; neft daşmalarının qarşısının alınması üzrə tədbirlərdə ADY əməkdaşları üçün təlimlər.

Maraqlananlar 2010-cu il 26 fevral saat 15:00-dək ADY-yə müraciət edə bilər.

Kredit vəsaitləri Avropa Yenidənqurma və İnkişaf Bankının xətti ilə, səkkiz il güzəşt dövrü də daxil olmaqla, 23 il müddətinə, altı aylıq libor üstəgəl dəyişən spred tarifi üzrə verilir. Kredit üzrə komissiya 0,25 faiz müəyyən olunub. Kredit üzrə ödəniş ildə iki dəfə - 15 iyun və 15 dekabrda həyata keçiriləcək.

Ümumiyyətlə, layihə çərçivəsində 503 kilometr dəmiryolun əsaslı təmir edilməsi nəzərdə tutulur, investisiya həmçinin Bakı-Böyük Kəsik istiqamətində daimi cərəyandan fasiləli rejimə keçməyə, fasiləli cərəyan üzrə işlər üçün 50 yeni lokomotivin əldə edilməsinə yönəldiləcək. Layihə dəmiryolla sərnişindaşımanın sürətini 100 km/s, yükdaşımanın sürətini isə 80 km/s-ə çatdırmağı nəzərdə tutur.

Layihə dəmiryol üzrə xidmətlərin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin təmin edilməsi, əməliyyat və iqtisadi effektivliyi, "Azərbaycan Dəmir Yolları" QSC-nin və şərq-qərb istiqamətində dəmiryol xətlərinin maliyyə imkanlarının genişləndirilməsini nəzərdə tutan 3 komponentdən ibarətdir.

Birinci komponent dəmiryol təsərrüfatını, xüsusilə də Bakıdan Gürcüstan sərhədinə qədər olan məntəqələrin reabilitasiyasını, 3,3 kV daimi cərəyandan 25 kV fasiləli cərəyana keçid, elektrik təhcizatı sisteminə keçid ilə əlaqədar olaraq siqnal sistemlərinin dəyişdirilməsini nəzərdə tutur.

İkinci komponent çərçivəsində elektrik lokomotivlərinin əldə olunması, üçüncü komponentdə isə "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyətinin müasirləşdirilməsi və  bazar iqtisadiyyatı tələblərinə yaxınlaşdırılması nəzərdə tutulur.

Layihənin ümumi dəyəri 673,8 milyon dollar həcmində qiymətləndirilir. Layihə dörd ilə hesablanıb.

Xəbər lenti

Xəbər lenti