...

Pakistanın şirkətlər qrupu Azərbaycanın bank və enerji sektorlarında iştiraka maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2010 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.Xəlilova/

Pakistanın MCB bankı Azərbaycanın bank bazarına daxil olmaqda maraqlıdır. Bu barədə çərşənbə axşamı Bakıda MCB-nin tərkibinə daxil olduğu Nishat Group şirkətlər qrupunun sədri Mian Məhəmməd Manşa bildirib.

"Hazırda bankın Bəhreyndə, Dubayda, Şri-Lankada filial və şöbələri var və biz indi Azərbaycanın bank sektorunda və Afrika ölkələrində fəaliyyət göstərməyi nəzərdən keçiririk", - Manşa deyib.

MCB ilk investisiyaları Azərbaycanın lizinq sektoruna yatırıb. Pakistan bankı 13 iyul 2010-cu il tarixdən etibarən fəaliyyətə başlayan "MCB Lizinq" birgə lizinq şirkətini yaradıb.

Manşanın sözlərinə görə, Nishat Group elektrik enerjisi və alternativ enerji mənbələrindəki (külək enerjisi) təcrübəni nəzərə alaraq Azərbaycan iqtisadiyyatının başqa sahələrində də iştirakda maraqlıdır.

"Azərbaycanda elektrik enerjisi istehsalı üçün əlverişli şəraiti nəzərə alaraq, biz ölkənin enerji sektorunda fəaliyyətin genişləndirilməsində də maraqlıyıq", - Manşa qeyd edib.

"MCB Lizinq" şirkətinin idarə heyətinin sədri Ramal Cəfərovun fikrincə, Nishat Group-un başlıca məqsədi Azərbaycanda investisiya yönümlü lizinq, sığorta şirkətlərinin, bank və digər investisiya şirkətlərinin daxil ola biləcəyi böyük maliyyə holdinqinin yaradılmasından ibarətdir.

Pakistanın MCB bankının altı milyard dollardan çox aktivi, 1500 filialı var və dünyanın səkkiz ölkəsində təmsil olunub. O, əsas fəaliyyəti tekstil sənayesində və dünyanın aparıcı brendləri üçün məhsul istehsalında cəmləşən Nishat Group şirkətlər qrupuna daxildir.

Xəbər lenti

Xəbər lenti