...

Azərbaycan Ərəb İqtisadi İnkişaf Küveyt Fondu ilə əməkdaşlığı bərpa edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2011 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan hökuməti Ərəb İqtisadi İnkişaf Küveyt Fondu ilə əməkdaşlığı Fondun maliyyələşdirmə prosedurlarını dəyişməsi halında bərpa edə bilər. Bu barədə Trend-ə cümə axşamı ölkə hökumətindəki mənbə deyib.

"Məhz bu səbəbdən biz dörd il bundan əvvəl Fondla əməkdaşlıqdan imtina etdik və nə qədər ki, bu maliyyə müəssisəsi prosedurları dəyişməyib, biz maliyyələşdirmə üçün layihə təqdim edə bilmərik", - mənbə bildirib.

Cari prosedurlara görə, Fond layihələrin maliyyələşdirilməsi zamanı dövlət zəmanəti ilə yanaşı Mərkəzi Bankın (AMB) aktivlərinin təmsil olunduğu əlavə zamin təminatını israrla tələb edir. Halbuki Azərbaycan qanunvericiliyi AMB-nin aktivlərinin girov qoyulmasını qadağan edir, çünki AMB hökumət borclarına görə məsuliyyət daşımır. Belə olan halda, Fonddan yeni kreditlərin cəlb olunması bu şərt aradan qaldırılana kimi mümkün deyil.

Ərəb İqtisadi İnkişaf Küveyt Fondu, əsasən, su və yol sektorlarındakı sahələrdə layihələrin maliyyələşdirilməsinə maraq göstərir.

İndiyə qədər Fond Azərbaycanda yalnız bir layihəni maliyyələşdirib ki, bu da Bakı dairəvi yolunun tikintisi ilə bağlı layihədir və Fond 2003-cü ildə 14,5 milyon Küveyt dinarı məbləğində kredit verib ki, onun qalığı (549,5 min manat) Azərbaycan tərəfinə 2011-ci ildə verilib.

Digər layihədən - 42 kilometrlik Kürdəmir-Ucar avtomobil yolunun yenidən qurulması layihəsindən hökumət imtina edib. Çünki Ərəb İqtisadi İnkişaf Küveyt Fondu məhz bu layihənin danışıqları zamanı Fondun Direktorlar Şurasının 4,2 milyon Küveyt dinarı (təxminən 14,4 milyon dollar) həcmində krediti təsdiq etməsinə baxmayaraq, yeni tələblər irəli sürüb (AMB-nin aktivləri ilə əlavə zəmanət). Fondun kreditindən imtina etdikdən sonra bu layihənin maliyyələşdirilməsini Dünya Bankı öz öhdəsinə götürdü.

Kürdəmir-Ucar avtomobil yolunun 2011-ci ilin fevral ayında açılışı olub.

Yolun tikinti layihəsi və tender sənədləri Finlandiya firmaları "Finnroad Ltd" və RRI tərəfindən hazırlanıb və tenderin qalibi İtaliyanın "Todini Costruzioni Generali S.p.A" şirkəti ilə 2008-ci il oktyabrın 15-də podrat müqaviləsi imzalanıb. Tikintinin texniki nəzarətini Britaniyanın "Scott Wilson" şirkəti həyata keçirib.

Xəbər lenti

Xəbər lenti