...

Azərbaycanda yod-brom zavodu özəlləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2011 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi "Bakı yod" (Bakı yod-brom zavodu) ASC-nin 94,46 faiz hissələrinin satışı ilə bağlı investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə komitənin mətbu orqanında nəşr olunmuş elanda deyilir.

Müsabiqəyə təqdim olunan hissə paketi investisiya müsabiqəsinin standart paketi (85 faiz) və əmək kollektivinə güzəştli satışdan qalan hissələri (9,46 faiz) əhatə edir.

İddiaçılar investisiya təklifi qiymətinin 5%-i qədər bank zəmanəti, özünün ciddiliyini təsdiq edən, onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 30000 manat məbləğində hər hansı bankın zəmanət məktubunu, habelə dövlət büdcəsinə ödəniləcək 100000 manata dair təklifləri təqdim etməlidir.

İnvestisiya proqramında yeni texnologiyaların tətbiqi, istehsal olunan məhsulun keyfiyyətinin qaldırılmasına, mərhələlər üzrə istehsal güclərinin artırılmasına və iş yerlərinin bərpasına, məhsul çeşidinin artırılmasına, mövcud tikili və qurğuların bərpasına, habelə zəruri tikililərin inşasına və s. dair təkliflər qeyd olunmalıdır.

İddiaçılar müsabiqə tələbləri və özəlləşdirmə planı haqqında əlavə məlumat əldə etmək üçün oktyabrın 24-dək iş günləri saat 10:00-dan 17:30-dək aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı, Y.Səfərov küçəsi, 20.

Ərizə və təkliflər eyni ünvanda oktyabrın 24-dək iş günləri saat 10:00-dan 17.30-dək qəbul olunur.

Təkliflərin qiymətləndirilməsinə oktyabrın 26-da saat 11:00-da başlanacaq.

ASC Bakı şəhəri, Sabunçu rayonu, Musabəyov küçəsində yerləşir. 1930-cu ildən fəaliyyət göstərən və 17 nəfər işçi sayı olan müəssisənin əsas fəaliyyəti texniki yod və kalium-yod istehsalından ibarətdir.

Nizamnamə kapitalı 202968 min manatdır, bununla hər birinin qiyməti 2 manat olan sənədsiz adlı 101484 səhm buraxılıb.

Müsabiqənin predmeti ümumi nominal dəyəri 191718 manat olan 95859 səhmdir.

Müəssisənin 199073 manat ümumi öhdəliyi, o cümlədən 75416 manat əməkhaqqı və ona bərabər tutulan borc, 123657 manat mal, iş və xidmətlərə görə borcu və 164455 manat debitor borcu var.

Sentyabrın 24-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti