...

Bakıda gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına dəstək proqramının finalı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 20:42 (UTC +04:00)
"Paşa Bank" və "Junior Achievement Azərbaycan" təşkilatı "Davamlı Müəssisənin İnkişaf Proqramı"nın yekun mərhələsinə həsr olunmuş tədbir keçirəcəklər.
Bakıda gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına dəstək proqramının finalı keçiriləcək

Azərbaycan, Bakı, 26 aprel /Trend/

"Paşa Bank" və "Junior Achievement Azərbaycan" təşkilatı "Davamlı Müəssisənin İnkişaf Proqramı"nın yekun mərhələsinə həsr olunmuş tədbir keçirəcəklər.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, proqram daxilində Bakı və Quba şəhərlərində yaşayan gənclər kiçik və orta müəssisələr yaradaraq, müvafiq biznes təlimləri, əlverişli mühit və imkanların toplanması vasitəsilə onların səmərəliliyini təkmilləşdiriblər.

2012-ci ilin aprel ayında başlayan proqrama kiçik və orta müəssisənin yaradılmasında maraqlı olan və bu fəaliyyətlə məşğul olan 60 gənc iştirakçı qatılmışdır. Seçim prosesi ərizəçilərin sahibkarlıq fəaliyyətinə dair təcrübə və marağının olması, proqramı bitirdikdən sonra reallaşdırılması nəzərdə tutulan şəxsi fəaliyyət planına əsaslanırdı. "Junior Achievement Azərbaycan" təşkilatı proqram iştirakçılarına müəssisənin yaradılmasında kömək edərək, onlar üçün sahibkarlıq, maliyyə savadı, işgüzar etika, biznes planın tərtibatı üzrə təlimlər və mütəmadi iqtisadi görüşlər təşkil edirdi. Bununla yanaşı, gənclərin sahibkarlıq qabiliyyətinin formalaşdırması məqsədilə proqram daxilində aylıq ictimai-iqtisadi maarifləndirmə tədbirləri təşkil olunurdu.

"Junior Achievement" Azərbaycan təşkilatı biznes məsləhətçilərin köməyi ilə proqram iştirakçılarına biznes planın tərtibatından real sahibkarlıq mühitinə qatılmasına yardım edirdi. Biznes görüşləri zamanı proqramın iştirakçıları qarşılaşdıqları çətinlikləri müzakirə edir, məhsullarının satışı və çatdırılma yollarını araşdırır, istehlak bazarının tələblərini öyrənir və kommersiya fəaliyyətində tətbiq olunan yenilikləri tədqiq edirdilər.

Tədbir zamanı gənc sahibkarlar öz müəssisələrini təqdim edib, onlara maliyyə müstəqilliyinə nail olmağa kömək edən əmtəə və xidmətləri təqdim edəcəklər. Biznes nümayəndələrindən ibarət olan münsiflər heyəti təklif olunan ideyaları həyata keçirilə bilmə dərəcəsi, davamlılığı, yeniliyi və təqdimatçının çıxış etmə bacarığına əsaslanaraq qiymətləndirəcək.

Tədbirin sonunda qalib gəlmiş üç müəssisənin sahibi "Paşa Bank"dan pul mükafatı qazanacaq.

"Paşa Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir. Baş ofis və dörd filial ilə təmsil olunan "Paşa Bank"da 207 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub.

"Paşa Bank" Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm, eləcə də biznesin sair istiqamətlərində də geniş təmsil olunan "Paşa Şirkətlər Qrupu"nun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan "Kapital Bank" da "Paşa Şirkətlər Qrupu"na aiddir.

"Junior Achievement Azərbaycan" biznes tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan Ümumdünya JA Təşkilatının yerli təmsilçisidir. "Junior Achievement"ın missiyası gəncləri dünya iqtisadiyyatında uğur qazanmaq üçün ruhlandırmaq və hazırlamaqdır. 1919-cu ildə təsis olunan JA təşkilatı dünya üzrə gənclərin iqtisadi və biznes tədrisinə öz töhfəsini verməkdədir. Yerli təmsilçilər vasitəsilə JA proqramları dünyanın 119 ölkəsində tədris olunur. Azərbaycanda 1998-ci ildən fəaliyyətə başlayan "Junior Achievement" ictimai və fərdi donorların dəstəyi ilə ölkənin 26 bölgəsində 260 məktəbi təmsil edən minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti