...

Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 5-ci iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2015 14:51 (UTC +04:00)
Almaniyanın Berlin şəhərində Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 5-ci iclası keçirilib.
Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 5-ci iclası keçirilib

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Almaniyanın Berlin şəhərində Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 5-ci iclası keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasa Azərbaycan tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyev, Almaniya tərəfindən isə Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Franz həmsədrlik ediblər.

İclasda Azərbaycan və Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 4-cü iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən investisiya, sənaye, kənd təsərrüfatı, təhsil, ölkəmizdə yaradılan sənaye parklarında Almaniya şirkətlərinin iştirakı imkanları, neft-qaz, enerji səmərəliliyi və bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, tvinninq layihələrinin icrası, biznesin idarə edilməsi sahəsində yerli menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakı və bir sıra digər məsələlər müzakirə olunub.

Qeyd edilib ki, bu gün Azərbaycanda 183 alman şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən əsas kapitala 475,5 mln. ABŞ dolları, o cümlədən qeyri-neft sektoruna 345,2 mln. ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Almaniya şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi də fəal iştirak edirlər. 2013-cü illə müqayisədə 2014-cü ildə ticarət dövriyyəsi 21% artıb.

Azərbaycan tərəfi son zamanlar biznes mühitinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən imzalanmış sənədlər, o cümlədən sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması, lisenziyaların verilməsində "bir pəncərə" sisteminin tətbiqi və bu əməliyyatın "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsi, həmçinin tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi məqsədi ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması və s. haqqında məlumat verib.

Bununla yanaşı, bu ilin iyun ayında Almaniya Bundestaqının Azərbaycan ilə bağlı qərəzli və qeyri-obyektiv qətnaməsinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına mənfi təsir göstərdiyi, bəzi alman şirkət və təşkilatlarının Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyəti diqqətə çatdırılıb, həmin şirkətlər haqqında məlumatlar qarşı tərəfə təqdim olunub və onların qanunsuz fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb.

Almaniya tərəfi ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən islahatlar barədə məlumatları böyük maraqla qarşılayıb və yüksək qiymətləndirib, "ASAN xidmət"in səmərəli fəaliyyətini qeyd edib, alman şirkətlərinin iqtisadiyyatın bir sıra sahələri üzrə yeni layihələr həyata keçirməkdə maraqlı ola biləcəklərini və müvafiq məlumatların Almaniya-Azərbaycan Xarici Ticarət Palatası vasitəsilə şirkətlərə çatdırılacağını bildirib.

Almaniya tərəfi həmçinin, bəzi alman şirkət və təşkilatlarının işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyəti məsələsinin araşdırılacağını qeyd edib.

Qeyd edək ki, Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupu Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi ilə Almaniya Federal İqtisadi Məsələlər və Enerji Nazirliyi arasında 2011-ci ildə imzalanmış Memoranduma əsasən yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti