Azərbaycan Milli Bankı inflyasiya proseslərini idarə edən bazar mexanizmlərinin genişləndirilməsinə hazır olduğunu bildirib. AMB-nin baş direktoru Ş.Mövsümovun Trend ə bildirdiyinə görə, AMB normal maliyyə bazarı və vasitəsilə inflyasiyanın idarə olunmasının mümkün olacağı mexanizmlər yaratmaq niyyətindədir.
"Mexanizmlərə mövcud və yeni vasitələr (qısamüddətli notlar, repo-əməliyyatlar və s.) daxil olacaq. Bu məsələ bizim mərkəzi İsveçrə bankındakı məşvərətçimiz Marsel Simmermanın iyulda səfəri çərçivəsində müzakirə olunub. M.Simmerman monetar idarəetmə və inflyasiya proseslərinin tənzimlənməsi məsələləri üzrə məsləhətçimizdir", - deyə Ş.Mövsümov qeyd edib.
AMB azərbaycan manatının mövqeyinin möhkəmlənməsinə (ilin əvvəlindən 5%) sakit yanaşır. "Bu, fenomenal hal deyil. Hazırda buna bənzər şəraitin mövcud olduğu Rusiya və Qazaxıstanda milli valyuta mövqeyini 10% möhkəmlədib", - deyə baş direktor vurğulayıb.