...

Gürcüstan Azərbaycanın borclara yenidən baxılması barədə sazişi imzalamaması niyyəti ilə bağlı bildiriş almayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2005 15:34 (UTC +04:00)

Gürcüstan tərəfi Azərbaycan qarşısındakı borclarına yenidən baxılması barədə Azərbaycanın sazişi imzalamaması niyyəti ilə bağlı rəsmi bildiriş almayıb. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze Trend ə bildirib ki, Gürcüstan tərəfi müvafiq rəsmi bildiriş alarsa həmin məsələyə baxacaq."Müvafiq müqavilə bizdə artıq paraflanıb və imzalanmaq üçün hazırdır. Biz sənədin imzalanması üçün tarixin razılaşdırılması barədə müzakirə aparırıq"-deyə Z.Qumberidze qeyd edib.

Bir sıra KİV-in məlumatına görə, öncə AR baş nazirinin müavini Abbas Abbasov qeyd edib ki, Azərbaycan hökuməti Gürcüstan ilə həmin ölkənin borclarına yenidən baxılmasına dair yeni saziş imzalamaq niyyətində deyil. O, izah edib ki, Gürcüstan hökuməti gömrük sahəsində Azərbaycan ilə saziş imzalamayıb.

Gürcüstanın Azərbaycana borclarına növbəti dəfə yenidən baxılması barədə razılaşma Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq komissiyasının 2005-ci il iyulun 18-də Gəncədə A.Abbasov və Gürcüstanın baş naziri Zurab Noqaidelinin iştirakı ilə keçirilən iclasında əldə olunub.

Gürcüstanın Azərbaycana $16,2 mln. həcmində dövlət borcuna aşağıdakı sxemlə yenidən baxılıb: bu məbləğdən $12,95 mln. 2003-cü ilin martından 2007-ci il də daxil olmaqla bərabər tranşlarla, qalanı isə 2005-ci ilin iyunundan 2021-ci ilədək ödənilir. Gürcüstanın ödəməsi hələlik başlamayıb.Borcun ləğv edilməsi üçün həmçinin borcların malla (qənd, şəkər tozu və digər qida məhsulları) ödənməsinə dair məsələ də müzakirə edilib. Azərbaycan Gürcüstana borcun əvəzinə onun limanlarının özəlləşdirilməsində iştirakını təmin etməyi təklif edib ki, bu da Azərbaycana özəlləşdirilmiş limanların çoxlu sayda tarif artımlarından sığortalanmağa imkan verərdi.

2005-ci ilin iyulun 1-nə olan vəziyyətə görə, Gürcüstanın dövlət borcu $1798 mln. təşkil edib ki, bu da bu ölkə ÜDM-nin 40%-nə bərabərdir.Beləliklə, Gürcüstan $682 mln. Paris klubunun 12 ölkəsi qarşısında, $154 mln.Rusiya, $20 mln. Ermənistana borcludur. Bundan başqa, Gürcüstanın Dünya bankına, BVF, eləcə də digər bir neçə ölkəyə borcu vardır.

Xəbər lenti

Xəbər lenti