...

Azərbaycanın Vergilər Nazirliyi vergi qanunvericiliyində yeni pozuntular aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2006 16:10 (UTC +04:00)

Azərbaycanın Vergilər Nazirliyi vergi cinayətlərinin ilkin araşdırılması üzrə Departamenti saxta aksiz markaları ilə spirtli içkilərin qanunsuz satışını aşkar edib. Trend in Nazirliyin press-relizinə istinadən verdiyi məlumata görə, spirtli içkilərin qablara tökülməsi "Kamran market" mağazasının zirzəmisində təşkil olunub. Sonra markalaşdırılan məhsul müxtəlif ticarət obyektlərinə paylanılıb. Nəticədə dövlət büdcəsindən iri ölçüdə vergi gizlədilib.

Qeyd olunan məlumatla əlaqədar Bakı şəhər Vergilər Departamentinin Operativ nəzarət İdarəsinin əməkdaşları ilə birlikdə müvafiq operativ nəzarət tədbiri həyata keçirilib. Müəyyən edilib ki, rəsmi sənədlərdə "Kamran market" mağazası Əbdülhüseyin Dadaşovun adına olsa da, müəssisəyə 1959-ci ildə Bakı şəhərində anadan olmuş, Badamdar şossesi 136 ünvanda yaşayan Mirqiyasov Mircavad Mircəbrayıl oğlu rəhbərlik edir. Keçirilmiş tədbir zamanı "Kamran market" mağazasında 15 nəfər işçinin çalışmasına baxmayaraq, yalnız 4 nəfərlə əmək müqaviləsinin bağlandığı müəyyən edilib. Bundan başqa, mağazanın anbarında vergidən yayınmaq məqsədilə uçotdan gizlədilən 120 min AZN dəyərində spirtli içkilər, ərzaq məhsulları, siqaretlər və digər məhsullar aşkar olunub. Baxış zamanı anbar və otaqlardan spirtli içkilərin bağlanmasında istifadə edilən 1700 ədəd başlıq, 12.000 ədəd aksiz markası aşkar edilərək götürülüb. "Kamran market" mağazasının otaqlarında uçotdan gizlədilən külli miqdarda - 25.230 ABŞ dolları, 55,3 milyon AZM və 3.024

AZN məbləğində nağd pul vəsaiti də tapılıb. Araşdırmalar nəticəsində məlum olub ki, Mircavad Mirqiyasov əldə etdiyi məhsulları fiziki şəxs Dadaşov Əbdülhüseyn Ağadadaş oğlunun adına sənədləşdirərək satışını "Aypara" kiçik müəssisəsinə məxsus M.İbrahimov küçəsi, 57 ünvanda fəaliyyət göstərən spirtli içkilərin topdansatışı mağazasında, fiziki şəxs Abbasov Fizuli Abbas oğluna məxsus Bülbül prospekti, 12 ünvanda yerləşən "Qarışıq içkilər" mağazasında və digər dükanlarla həyata keçirib.

Hazırda fiziki şəxs Dadaşov Əbdülhüseyn Ağadadaş oğlunun, Abbasov Fizuli Abbas oğlunun və "Aypara" kiçik müəssisəsinin fəaliyyətinin hərtərəfli araşdırılması məqsədilə yoxlama tədbirləri davam etdirilir.

Bundan başqa, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində "AMB-Azəri" firmasında külli miqdarda - 64,1 min AZN məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə CM-nin 213.4-cü maddəsi üzrə cinayət işinin istintaqı da davam etdirilir. İstintaqa ifadə verən həmin firmanın rəsmi direktoru Axund Natəvan bildirib ki, Talıbov Babəli Sahib oğlu onu aldadıb və adından istifadə edərək, "AMB-Azəri" şirkətinə fakttki rəhbərliyi həyata keçirib.

İş üzrə dindirilmiş digər şahidlər də "AMB-Azər" firmasının faktiki rəhbərinin Babəli Talıbov olduğunu təsdiq ediblər. İstintaq zamanı müəyyən olunub ki, Babəli Talıbovun ofisi Bakı şəhəri, Nəsimi rayonu, 3014-cü məhəllədki 1 saylı binanın 2-ci mərtəbəsində yerləşir.

Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 may 2006-cı il tarixli qərarına əsasən, Departamentin istintaq və təhqiqat şöbələrinin əməkdaşları mayın 17-də Babəli Talıbovun ofisində axtarış aparıblar. Axtarış zamanı ofisdə olan seyfdən, masaların siyirmələrindən və digər yerlərdən 34 təşkilatın möhür və ştampları, bank çek kitabçaları, mühasibat sənədləri və ciddi hesabat blankları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti