...

İpoteka Fondunun rəhbəri: "İpotekanın maliyyələşdirilməsi mənbələri üzrə Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparılır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2007 15:32 (UTC +04:00)
İpoteka Fondunun rəhbəri: "İpotekanın maliyyələşdirilməsi mənbələri üzrə Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparılır"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) gələcək ipoteka kreditləşməsinin maliyyələşdirilməsi üçün maliyyə mənbələrinin müəyyən olunması üzrə dövlət orqanları ilə məsləhətləşmələri davam etdirir. Bu barədə cümə axşamı AİF icraçı direktoru Faiq Məmmədov məlumat verib.

Banklar tərəfindən ayrılan vəsaitlərlə AİF-in maliyyələşdirilməsi sahəsində yaranan gələcək risklərin azaldılması üçün banklar tərəfindən yeni müraciətlərin qəbulu dayandırılıb.

"Bu layihə sosial xarakter daşıyır, buna görə də indiyə qədər ipoteka kreditləşməsinin maliyyələşdirilməsi büdcə vəsaitləri hesabına aparılıb. Növbəti mərhələdə isə dövlət büdcəsindən asılılığın azaldılması üçün AİF-in əlavə mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur və bu istiqamətdə məsləhətləşmələr aparılır" - deyə Məmmədov bildirib.

Onun fikrincə, dövlətin ehtiyat fondları mövcuddur və əlavə vəsaitlərin cəlb olunması üçün Milli Bank hökumətə müraciət edib. Amma digər maliyə mənbələri də ola bilər. AMB dövlət ayırmalarının elə 2007-ci il dövlət büdcəsindən ipoteka üçün nəzərdə tutulmuş məbləğdə 20 mln. manata qədər artırılması üçün müraciət edib.

"Bu cür ehtiyacın yaranmasına səbəb indiyə qədər banklar tərəfindən ayrılan ipoteka kreditləri vəsaitlərinin 20 mln. manatı ötməsidir" - deyə fond rəhbəri bildirib.

2007-ci il dövlət büdcəsindən ayrılan vəsaitlərdən indiyə qədər fonda 10 mln. manat verilib.

Məmmədovun sözlərinə görə, AİF bu vəsait hesabına maliyyələşdirməni davam etdirir, amma yeni müraciət üzrə əlavə kreditlərin maliyyələşdirilməsi məsələsi isə sual altında qalır.

AİF Nizmnaməsinə uyğun olaraq fondun digər maliyyə mənbələri Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun ayırmaları, qiymətli kağızların buraxılması, kredit və qrantların cəlb olunması hesabına ola bilər. Həmçinin bu məqsədlə 2 faizlik katirovka dərəcəsi nəzərə alınmaqla daha öncə verilmiş kreditlərdən alınan vəsaitlər cəlb oluna bilər.

Xəbər lenti

Xəbər lenti