...

Azərbaycan nefti Avropa bazarında Liviya neftini əvəz edə bilər

Energetika Materials 15 Aprel 2011 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir A.Bədəlova/

Avropanın neft emalı şirkətləri Liviya neftini Azərbaycan və Qazaxıstandan alınan və YSM buraxılışı üzrə Aİ-nin yüksək standartlarına cavab verən xammalla əvəz edə bilərlər. ABŞ-ın ESAI (Energy Security Analysis) analitik şirkətinin eksperti Endryu Rid belə hesab edir.

Ekspertin sözlərinə görə, Avropadakı NEZ-lərə Liviyanın yüngül neftinə tezliklə əvəz tapmaq çətin olacaq. Çünki Avropaya Şimal dənizi kimi alternativ mənbələrdən tədarüklər məhdudlaşıb. Onun sözlərinə görə, Avropadakı NEZ-lər Liviya neftindən keyfiyyəti Aİ-nin tələblərinə cavab verən təmizlənmiş dizel yanacağı istehsalı üçün fəal şəkildə istifadə edirlər.

Onun sözlərinə görə, Aralıq dənizi ölkələrindəki NEZ-lərə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə çatdırılan BTC Blend və Tengiz-Novorossiysk kəməri ilə nəql olunan CPC Blend markalı neftlərin tədarükü xeyli artıb.

"Brent-in etalon Şimal dənizi növünə mükafat yüksək səviyyədə saxlanacaq, bu yay Avro-5 standartlı dizel yanacağının tədarükü ilə bağlı vəziyyət bunun nəticəsi olaraq çətinləşə bilər", - Rid bildirib.

Ridin fikrincə, bunun fonunda Hindistanın "Reliance" kimi Asiyanın neft emalçıları Avropa bazarlarına dizel yanacağı tədarükünü artıra bilərlər və YSM üzrə yüksək qiymətlərdən gəlir əldə edə bilərlər.

Avropanın Liviya neftinin tədarükü ilə bağlı problemləri fevralın ortalarından Liviyada ölkəni 40 ildən artıqdır idarə edən Müəmmər Qəddafinin istefası tələbi ilə keçirilən kütləvi nümayişlər nəticəsində yaranıb. İğtişaşlar hökumət qüvvələri ilə üsyançılar arasında silahlı qarşıdurmalara gətirib çıxarıb.

Neft tədarükü ilə bağlı vəziyyəti bu həftə Avropa İttifaqının Qəddafi rejiminə qarşı sanksiyaları sərtləşdirməsi mürəkkəbləşdirib. Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri çərşənbə axşamı Lüksemburqda Şimali Afrika ölkələrinin neft-qaz sektorundakı daha 26 şirkətin sansksiyalar siyahısına salınması barədə qərar qəbul edib. Aİ-də həmin ölkələrin Müəmmər Qəddafi rejimini maliyyələşdirdiklərini güman edirlər.

Liviya neftinin əsas idxalçıları İtaliya, Almaniya, İspaniya, Fransa, Çin və ABŞ-dır. Liviya neftinin idxalı İtaliyanın neftə olan tələbatının 51, Almaniyanın 13, Fransanın 5 faizini ödəyir. Avstriya, Böyük Britaniya, Yunanıstan, İsveçrə və digər Avropa ölkələri də Liviyadan az həcmdə neft idxal edirlər.

Avropa Komissiyasının statistik məlumatlarına görə, ötən həftə (4-11 aprel) Avropanın 27 ölkəsində dizel yanacağının orta qiyməti (vergilər nəzərə alınmaqla) min litr üçün 1401 avro təşkil edib. Ötən həftə ərzində Avropa ölkələri arasında dizel yanacağının nisbətən daha yüksək qiyməti Böyük Britaniya (min litr üçün 1588 avro) və Lüksemburqda (min litr üçün 1209 avro) qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti