...

"Şahdəniz" yatağında dördölçülü seysmik kəşfiyyat aparılacaq

Energetika Materials 27 Fevral 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Reservoir Exploration Technology ASA (RXT) şirkəti BP Azərbaycan şirkəti ilə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağında dördölçülü (4C) seysmik kəşfiyyatın aparılması haqqında müqavilə imzalayıb. Bu barədə şirkətin verdiyi məlumatda qeyd olunub.

Güman edilir ki, seysmik kəşfiyyat beş ay ərzində davam edəcək. İş hazırda Qazaxıstanın "Kaşagan" yatağında işlərə cəlb olunan RXT-3 bölməsi tərəfindən aparılacaq. "Kaşagan"dakı işlərin aprel -may aylarında, "Şahdəniz" yatağındakı işlərin isə 2007-ci ilin 4-cü rübündə yekunlaşdırılacağı ehtimal olunur.

RXT -nin baş icraçı direktoru Maykl Skott bildirib ki, Xəzər böyük bir ərazini əhatə edir və həmin ərazidə gələcək işlər üçün yüksək keyfiyyətli seysmik kəşfiyyat aparılmalıdır. RXT -nin müasir üsulları ilə birləşmiş VectorSEIS Ocean texnologiyası Xəzər dənizi üçün idealdır.

Reservoir Exploration Technology şirkətinin Osloda, Londonda və Hyüstonda ofisləri var.

"Şahdəniz"in işlənmə layihəsinin "Mərhələ-1" çərçivəsində ildə "plato" mərhələsində 8,6 mlrd. kub metr qaz hasil ediləcək. 2007-ci ildə "Şahdəniz"dən 2.8 mlrd. kub metr qaz əldə ediləcək. Yatağın ehtiyatları 1 trln. kub metr qaz həcmində dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti