...

İranda Aşura günü iğtişaşlarda iştirak etməkdə təqsirləndirilən 150 nəfər həbs olunub

Dünya xəbərləri Materials 30 Yanvar 2010 10:21 (UTC +04:00)
Aşura günü baş vermiş hadisələrdə iştirak etməkdə təqsirləndirilən 150 nəfər əhalinin köməyi ilə həbs edib.
İranda Aşura günü iğtişaşlarda iştirak etməkdə təqsirləndirilən 150 nəfər həbs olunub

İranda Aşura günü baş vermiş hadisələrdə iştirak etməkdə təqsirləndirilən 150 nəfər əhalinin köməyi ilə həbs edib. Məlumatı İranın FARS xəbər agentliyi yayıb.

Məlumatda bildirilir ki, İran polisi tərəfindən Aşura günü baş vermiş hadisələrdə iştirak etməkdə təqsirləndirilən şəxslərin şəkilləri yayımlandıqdan sonra əhali onların tapılması üçün polisə kömək edib və 150 nəfər həbs olunub. Hazırda onların törətdikləri cinayətlər barəsində istintaq işi aparılır və onlar dindirilir.

Ötən həftə İranın "Etimad-e Milli" partiyasının rəsmi xəbər saytı "sahamnews" məlumat yayaraq bildirmişdi ki, İran polisi Aşura günü baş vermiş hadisələrdə iştirak etməkdə təqsirləndirilən 65 nəfərin şəkillərini yayımlayaraq onların tapılması üçün əhalidən kömək istəyib.

İran polisi həmin 65 nəfəri təhlükəsizliyi və ümumi asayişi pozmaqda, islami şüarları və dini dəyərləri təhqir etməkdə ittiham edib. Yanvar ayının 19-da İran polisi məlumat yayaraq Aşura günü baş vermiş hadisələrdə iştirak etməkdə təqsirləndirilən 40 nəfərin əhalinin köməyi ilə həbs edildiyini açıqlamışdı.

Fars xəbər agentliyinin məlumatında bildirilir ki, həbs olunmuş şəxslərdən yeni foto və video materiallar əldə olunub. Polis əhalinin köməyi ilə yeni kadrlardakı şəxslərin axtarışını davam etdirəcək.

Dekabrın 27-də (Aşura günü) Tehranda müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub. Onlardan bir çoxu siyasi şəxslərdir.

Xəbər lenti

Xəbər lenti