...

Urmiya gölünün quruması regionda 6 milyon nəfərin həyatı üçün təhlükə yaradacaq - İran rəsmisi

Dünya xəbərləri Materials 5 İyul 2011 15:44 (UTC +04:00)
Urmiya gölünün quruması ciddi təhlükədir və qanun qəbul etməklə bu gölün qurumasının qarşısını almaq mümkün deyil.
Urmiya gölünün quruması regionda 6 milyon nəfərin həyatı üçün təhlükə yaradacaq - İran rəsmisi

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Urmiya gölünün quruması ciddi təhlükədir və qanun qəbul etməklə bu gölün qurumasının qarşısını almaq mümkün deyil. Bu sözləri İranın Ətraf Mühitin Qorunması Təşkilatının sədr müavini Məhəmməd Baqir Səduq deyib. Bu barədə Trend İranın "Ilna" xəbər agentliyinə istinadən məlumat verir.

O əlavə edib ki, ciddi tədbir görülməzsə, bu göl quruyacaq. "Urmiya gölünün quruması ilə regionda 6 milyon nəfərin həyatı üçün təhlükə yaranacaq. 10 milyard ton duz toz və torpaqla birlikdə əhalinin başına yağacaq", - Səduq bildirib.

Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar bu göldən miqrasiya zamanı fasilə məntəqəsi kimi istifadə edirlər. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

Ətraf mühit məsələləri üzrə mütəxəssislər qeyd edirlər ki, gölün xilası üçün İran hökuməti tərəfindən başlanılacaq tədbirlər hələ ki kifayət deyil.

İran Prezidenti və hökumət nümayəndələrinin Təbrizə son səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr suyun axıdılması nəzərdə tutulur.

Bundan əvvəl İran parlamentinin nümayəndəsi Əhməd Əli Keyxa demişdi ki, parlamentdə Urmiya gölündə suyun səviyyəsinin aşağı düşməsi problemini həll etmək məqsədilə təklif olunub ki, Xəzər dənizinin suyu bu gölə axıdılsın. Təklif hazırda parlamentdə müzakirə olunur. Keyxa deyib ki, parlamentin Kənd təsərrüfatı komissiyasının üzvləri Urmiya gölünə baxış keçiriblər. "Urmiya gölündə suyun səviyyəsinin aşağı düşməsinə iki səbəb var. Onlardan birincisi son 10 il ərzində yağıntıların az olması, digəri isə suya daha çox tələbatı olan sənaye müəssisələrinin inkişaf etməsidir", - Keyxa deyib.

Urmiya gölündə hazırda hər 1 litr suda 330 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Hazırda bu gölün 1/3-i quruyub və şoranlığa çevrilib.

Xəbər lenti

Xəbər lenti