...

Edam zamanı Səddam Hüseyn özünü ləyaqətli aparıb

Dünya xəbərləri Materials 30 Dekabr 2006 13:20 (UTC +04:00)

Keçmiş İraq lideri edam zamanı özünü ləyaqətli aparıb və müqavimət göstərməyə cəhd etməyib. Bu barədə edamda iştirak edən İraq prezidentinin təhlükəsizlik üzrə məsləhətçisi Müvəffəq-ər- Rübei məlumat verib. "Dar ağacına gedərkən o, kədərli, amma sakit görünürdü və müqavimət göstərməyə səy göstərmirdi" - deyə ər-Rübei "Əl-İraqiyyə" peyk telekanalına müsahibəsində söyləyib. Onun sözlərinə görə, Hüseyn əfv olunmasını diləməyib, bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Keçmiş İraq diktatorunun ölümqabağı yeganə xahişi əlindəki Quranı kiməsə vermək olub. Bu barədə prezidentin məsləhətçisi xəbər verib. "Onun bu xahişi yerinə yetiriləcək"-deyə o, əlavə edib.

Ər-Rübei həmçinin söyləyib ki, bütün edam proseduru videoya köçürülüb. İraq liderinin cənazəsi gələcəkdə qohumlarına verilə bilər. Hazırda o, amerikalı hərbçilərdədir.

Bununla belə, Ər-Rübei vurğulayıb ki, bütün edam prosesini iraqlılar ABŞ hərbi qulluqçularının iştirakı olmadan həyata keçiriblər.

Keçmiş İraq diktatoru İraq tribunalı tərəfindən 2006-cı ilin 5 noyabrında asılmaqla ölüm cəzasına məhkum edilib. Onu 1982-ci ildə prezidentə uğursuz sui-qəsddən sonra Əd-Düdceyl şiə kəndinin sakinlərinə divan tutmaqda ittiham ediblər.

Şənbə günü səhər erkən edam hökmü icra olunub.

Xəbər lenti

Xəbər lenti