...

Əli Həsənov: Azərbaycan Amerika xalqının seçiminə hörmətlə yanaşır və Donald Trampla əməkdaşlığa ümid edir (YENİLƏNİB)

Siyasət Materials 10 Noyabr 2016 13:03 (UTC +04:00)
Azərbaycan Amerika xalqının seçiminə hörmətlə yanaşır və Donald Trampla əməkdaşlığa ümid edir.
Əli Həsənov: Azərbaycan Amerika xalqının seçiminə hörmətlə yanaşır və Donald Trampla əməkdaşlığa ümid edir (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Amerika xalqının seçiminə hörmətlə yanaşır və Donald Trampla əməkdaşlığa ümid edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-da keçirilən prezident seçkilərinin nəticəsinə münasibət bildirərkən deyib.

Ə.Həsənov qeyd edib: "Dünən Amerika xalqı öz seçimini etdi. Donald Trampı özlərinə növbəti - 45-ci prezident seçdilər. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev təbrik məktubu ünvanladı. Düşünürük ki, bu, Amerika xalqının seçimidir və Azərbaycan da buna hörmətlə yanaşır və Trampla əməkdaşlığa ümid edir".

Prezidentin köməkçisi bildirib ki, ABŞ ilə Azərbaycan arasında çox səmərəli əməkdaşlıq əlaqələri var: "Bunların sırasında enerji sahəsində beynəlxalq əməkdaşlığı qeyd etmək olar. Regional və beynəlxalq nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığı da buraya aid etmək olar. Uğurlu əməkdaşlıq sahələrindən biri də təhlükəsizlikdir. ABŞ ilə birgə neçə ildir ki, dünyada sülhyaratma proseslərində iştirak edirik. Azərbaycan hərbçiləri ABŞ hərbçiləri ilə çiyin-çiyinə Avropada və dünyanın digər qaynar nöqtələrində sülhyaratma prosesinə qatılıblar. Düşünürük ki, bu sahələrdə əməkdaşlıq davam etdiriləcək".

Ə.Həsənov əlavə edib: "Lakin ən böyük gözləntimiz - cənab Prezident İlham Əliyevin də təbrik məktubunda qeyd etdiyi kimi, ABŞ-ın Minsk qrupunda daha aktiv və dinamik fəaliyyət göstərəcəyinə olan ümidimizdir. Düşünürük ki, nəhayət, cənab Trampın rəhbərliyi altında ABŞ Minsk qrupunda bir qədər də aktiv fəaliyyət göstərəcək, neçə illərdir həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, bu prosesdə status-kvo aradan qalxacaq və prosesə bir dinamizm gələcək. Biz bunu gözləyirik və ümid edirik ki, bu, belə də olacaq".

Prezidentin köməkçisi vurğulayıb ki, digər sahələr üzrə ABŞ-Azərbaycan münasibətləri davam və inkişaf edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti