...

Vyetnamda Azərbaycanla bağlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 18 Noyabr 2016 16:41 (UTC +04:00)
Vyetnamın Ho Chi Minh şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.
Vyetnamda Azərbaycanla bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Vyetnamın Ho Chi Minh şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Vyetnamdakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Ho Chi Minh şəhərinin yerli icra orqanlarının rəsmiləri, Vyetnam–Azərbaycan Dostluq Təşkilatının Ho Chi Minh şəhərində yaşayan üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, ölkəmizin dövlət müstəqilliyinin bərpa olunması, möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafı, regionda və beynəlxalq aləmdəki mövqeyi, Azərbaycan-Vyetnam münasibətləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Səfir həmçinin çıxışında Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasət nəticəsində ölkəmizin 20 faiz torpaqlarının iğal olunduğu, bir milyondan artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi köçkünə çevrildiyini, BMT, Avropa Birliyi, Avropa Şurası, ATƏT kimi nüfuzlu təşkilatların münaqişənin həlli ilə bağlı qərar və qətnamələrinə Ermənistanın məhəl qoymadığını diqqətə çatdırıb.

A.İmanov, Azərbaycanda sülhün və sabitliyin bərpa olunması, dövlətçiliyin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi inkişafın, Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında Ümummilli Lider Heydər Əliyevin rolundan bəhs edib və hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vuğulayıb.

Səfir Azərbaycanla Vyetnam arasında mövcud olan tarixi dostluq münasibətlərinin müasir dövrdədə davam etdiyini və ölkələrimiz arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib. A.İmanov 1959-cu ildə Vyetnamın keçmiş Prezidenti Ho Chi Minhin Azərbaycana, 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Vyetnama, 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama dövlət səfəri və 2015-ci İldə Vyetnamın keçmiş Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfərinin ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın qurulması və inkişaf etdirilməsində müstəsna əhəmmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən Vyetnam–Azərbaycan Dostluq Təşkilatının üzvləri Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini təbrik edib və ölkəmizin daha da inkişaf etməsini arzulayıblar. Çıxış edənlər ölkələrimiz arasında dostluq və əməkdaşlığın son illər daha da inkişaf etdiyindən məmnunluqlarını ifadə edib və çalışdıqları sahələr üzrə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə töhfə vermək niyyətində olduqlarını vurğulayıblar. Çıxışlar zamanı həmçinin ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb və Vyetnam–Azərbaycan Dostluq Təşkilatı ilə səfirlik arasında əməkdaşlığa dair müzakirə aparılıb.

Tədbirdə həmçinin Azərbaycan haqqında video nümayiş etdirilib və səfirlik tərəfindən Vyetnam dilinə tərcümə olunmuş ölkəmizlə bağlı kitablar tədbir iştirakçılarına paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti