...

ATƏT-İN MÜŞAHİDƏÇİLƏRİ SALYANDA GÖRÜŞLƏR KEÇİRİB

Siyasət Materials 16 Sentyabr 2005 20:50 (UTC +04:00)

Parlament seçkiləri ilə əlaqədar ölkəmizdə səfərdə olan ATƏT-in seçki müşahidəçiləri Salyan rayonunda görüşlər keçiriblər. Bu barədə Trend ə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiasiyasından məlumat verilib.

Asossiasiyanın Salyan regional mərkəzində ATƏT-in Seçki Müşahidə Missiyasının üzvləri - uzunmüddətli müşahidəçilər olan xanım Geyl Gişard və Lars Kristian Nixolm ilə görüş keçirilib.

Regional mərkəzin rəhbəri Azər Abdullayevin sözlərinə görə, görüşdə qonaqları maraqlandıran məsələlər müzakirə edilib, onlara Asossiasiya, onun məram və məqsədləri, yaranma səbəbləri, ölkədə demokratiya uğrunda mübarizədəki rolu, seçki prosesində fəallığı, "exit-poll" keçirmək üçün təşkilata daxil olan təkliflər, korrupsiya və rüşvətxorluğa qarşı görülən tədbirlər və Salyan regional mərkəzin həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.

ATƏT nümayəndələri Asossiasiyanın fəaliyyətini diqqətlə izlədiklərini və ölkədə qeyri-hökumət sektorunun belə bir səviyyədə inkişafını təqdir etdiklərini bildiriblər.

Qonaqlar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiasiyasının respublikanın regionlarında geniş şəbəkə yaradaraq yerli problemləri hakimiyyət orqanlarının diqqətinə çatdırmasını, xüsusilə də Regional Mərkəzin Salyanda korrupsiyanın səviyyəsi və onunla mübarizə yolları ilə bağlı keçirdiyi tədbirləri müsbət qiymətləndiriblər.

Salyanda, ictimaiyyətin və dövlət orqanlarının nümayəndələrindən ibarət korrupsiyaya qarşı koordinasiya şurasının yaradılması regionda korrupsiya ilə mübarizədə mühüm əhəmiyyət kəsb edəcəyi vurğulanıb.

ATƏT nümayəndələri rayonda yaranan seçki mühiti ilə də tanış olublar. Seçki prosesi ilə əlaqədar Salyanda qalacaqları müddətdə Asossiasiyanın yerli mərkəzi ilə əməkdaşlığı davam etdirəcəklərini deyən müşahidəçilər mərkəzin keçirəcəyi bütün tədbirlərdə qatılacaqlarını da qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti