...

AKİF NAĞI: "AZƏRBAYCANIN MARAQLARI NƏZƏRƏ ALINMAQ ŞƏRTİ İLƏ YENİ BEYNƏLXALQ VASİTƏÇİLİK METODLARI SEÇİLMƏLİDİR"

Siyasət Materials 8 Oktyabr 2005 14:08 (UTC +04:00)
AKİF NAĞI: "AZƏRBAYCANIN MARAQLARI NƏZƏRƏ ALINMAQ ŞƏRTİ İLƏ YENİ BEYNƏLXALQ VASİTƏÇİLİK METODLARI SEÇİLMƏLİDİR"

"Dağlıq Qarabağ məsələsinin həllində beynəlxalq vasitəçilik metodu məqbuldur, lakin konkret olaraq ATƏT-in Minsk qrupunun indiki fəaliyyətinə heç bir ehtiyac yoxdur. Çünki bu qrup münaqişəyə yanaşmasında əvvəldən düzgün prinsiplər seçməyib". Bu fikirləri Trend ə açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib.

Onun sözlərinə görə, Minsk qrupunun əsasən Dağlıq Qarabağın statusunu müəyyənləşməsinə yönələn fəaliyyəti müşahidə edilir, lakin qalan problemlərin, erməni təcavüzünün ağır nəticələri, azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması və digər mühüm məsələlərin həllinə nail olunmasını isə vacib saymırlar.

A.Nağı hesab edir ki, qrupun həmsədr dövlətlərinin Qarabağ məsələsinə yanaşması birtərəflidir, buna görə də mütləq Azərbaycanın maraqları nəzərə alınmaq şərti ilə bu tərkibdə dəyişiklik olunmalıdır: "Məsələn Türkiyə, Ukrayna, Almaniya kimi dövlətlər vasitəçilik missiyasına cəlb oluna bilərlər. Yeni beynəlxalq vasitəçilik metodları seçilməli və nəhayət, obyektivlik, yəni Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi, işğala məruz qalanla işğalçı tərəflərin fərqləndirilməsi, tanınmasına nail olmaq lazımdır. Əks halda münaqişənin sülh yolu ilə nizamlanması perspektivinin tamamilə tükəndiyi hamı tərəfindən etiraf olunmalıdır",-deyə A.Nağı bildirib.

Akif Nağının sözlərinə görə, ermənipərəst mövqedən çıxış edən təkcə Minsk qrupnun həmsədrləri deyil, həmçinin, münaqişəyə dair məruzə hazırlayan Beynəlxalq Böhran Qrupu, ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin də mövqeyi onlardan fərqlənmir. "Beynəlxalq Böhran Qrupu ermənilərin təsiri və təzyiqi altında yeni məruzə hazırlamağa hazırlaşır. Qoran Lenmarker işağla məruz qalan tərəfi işğalçıya güzəştə getməyə çağırır. Qarabağ Azadlıq Təşkilatı belə qərəzli mövqelərdən çıxış edən şəxslərin və qurumların fəaliyyətlərini neytrallaşdırmağa çalışır, bunun üçün tədbirlər, etiraz aksiyaları da təşkil etməyimiz gözlənilir. Lakin məqsədimiz sırf aksiya keçirmək deyil, bu metodlarla beynəlxalq səviyyədə milli maraqlarımıza yönələn təhlükələrin qarşısını almaqdır",-deyə A.Nağı vurğulayıb.

QAT sədri onu da bildirib ki, parlament seçkisində iştirak edən namizədlərə "Qarabağ bəyannaməsi"ni imzalamaq üçün göndərdiyi müraciətə artıq cavablar gəlir. Siyasi mövqeyindən, partiya mənsubiyyətindən asılı olmayaraq bütün namizədlərə ünvanlanan müraciəti bəzi namizədlər imzalamağa hazır olduğunu bildiriblər, bəziləri isə texniki imkanlar olmadığından, yaxud təbliğat kampaniyasına görə vaxt tapa bilmədiyindən ümumiyyətlə cavab verməyiblər.

Xəbər lenti

Xəbər lenti