...

İqtidar və müxalifət partiyaları prezidentin son sərəncam və tapşırıqlarına münasibət bildiriblər

Siyasət Materials 25 Oktyabr 2005 21:46 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 25-də parlament seçkilərinin keçirilməsi və ona hazırlıqla bağlı təcili tədbirlərin görülməsi ilə bağlı sərəncam imzalayıb, həmçinin DİN-ə tapşırıq verib ki, seçki gününə qədər səsvermə hüququ olan bütün vətəndaşlar şəxsiyyət vəsiqələri ilə təmin edilsin, Mərkəzi Seçki Komissiyasına seçkilərdə barmaqların mürəkkəblə işlənməsi təcrübəsindən istifadə olunması barədə tədbirlər görməyi tapşırıb. Prezidentin bu sərəncam və tövsiyələri ilə bağlı Azərbaycanın iqtidarını və müxalifətini təmsil edən siyasi partiya funksionerləri Trend agentliyinə açıqlamalar veriblər.

Müxalifəti təmsil edən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə sözügedən sərəncamı və barmaqlara mürəkkəb vurulması praktikasının tətbiq edilməsini bəyəndiyini bildirib. Onun fikirincə, bu üsullar seçkidə baş verə biləcək neqativ halların qarşısının alınması istiqamətində öz müsbət təsirini göstərəcək: "Mən bu sərəncamı və barmaqların mürəkkəbə batırılması barədə təkliflərə parlamentdə baxılması üçün prezidentin tapşırıq verməsini alqışlayıram"-deyə A.Əlizadə vurğulayıb.

Müxalifəti təmsil edən, lakin seçkidə namizədliyini müstəqil şəkildə irəli sürmüş Rasim Musabəyov prezidentin sərəncamını müsbət qiymtələndirdiyini deyib. Onun sözlərinə görə, parlament seçkisində tətbiq olunacaq barmaqların mərəkkəblənməsi üsulu seçkinin demokratik keçirilməsinə zəmin yaradacaq: "Lakin bu qərar nə üçün iki ay əvvəl verilməməişdi? Mən hesab edirəm ki, gecikmiş olsa da, belə vacib təkliflərin nəzərə alınması müsbət haldır. Çünki bunlar seçkinin ədalətli keçirilməsi üçün bir çox ölkələrdə tətbiq olunan üsullardır"-deyə R.Musabəyov bildirib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə prezidentin sərəncam və tapşırıqları yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, bu sərəncam seçki praktikasının təkmilləşdirilməsinə dair İlham Əliyevin imzaladığı 11 may tarixli sərəncamının ardıdır: "Bu sərəncam və göstərişlərin hamısı, sənədlərdən irəli gələn bütün müddəalar seçkinin saxtalaşdırılmasının qarşısının aldınması məqsədi daşıyır"-deyə A.Mirzəzadə bildirib.

Azərbaycanın avropa şurasındakı nümayəndə heyətinin üzvü, YAP-çı millət vəkili Bəxtiyar Əliyev isə deyib ki, ölkə prezidentinin hər bir sərəncamı dövlətimizin möhkəmləndirilməsinə xidmət edir: "Xüsusilə də onun seçki ilə əlaqədar imzaladığı sərəncamlar seçkinin demokratik keçirilməsi və bu prosesdə ona mane ola biləcək bütün mənfi qüvvələrin qarşısını almağa xidmət edir"-deyə B.Əliyev vurğulayıb.

Milli Məclisin elm və təhsil komissiyasının sədri, YAP-çı deputat Şahlar Əsgərov qeyd edib ki, prezident İlham Əliyevin imzaladığı hər bir sərəncamın əsası var: "Növbəti sərəncam da məntiqə əsaslanaraq qəbul edilib. Biz ümid edirik ki, qarşıdan gələn parlament seçkiləri bu sərəncamların əsasında tam demokratik və şəffaf keçəcək"-deyə Şahlar Əsgərov bildirib.

Xəbər lenti

Xəbər lenti