...

Azərbaycanda 9 ay ərzində ÜDM artımı 22% təşkil edib

Siyasət Materials 4 Noyabr 2005 16:34 (UTC +04:00)

Azərbaycanda 2005-ci ilin 9 ayı ərzində ÜDM artımı təxminən 22% təşkil edib. Trend bildirir ki, bu barədə AR Nazirlər Kabinetinin iclasında ölkə prezidenti İlham Əliyev bəyan edib.

Onun sözlərinə görə, bu dövr ərzində sənaye istehsalı 28% artıb, inflyasiya 12% təşkil edib. Bu dövr ərzində orta əmək haqqı 22%, əhalinin pul gəlirləri 21% artıb. Dövlət başçısı qeyd edib ki, dünyada elə bir dövlət yoxdur ki, orada 9 ay ərzində iqtisadi artım 22% təşkil etsin, qarşıdakı illərdə bu artım daha yüksək templə davam etdiriləcək.

2006-cı ildə büdcə xərclərinə toxunan İ.Əliyev deyib ki, bu xərclər $4 mlrd.-a çatacaq. Onun sözlərinə görə, ilin əvvəlində yoxsulluğun səviyyəsi 49%-dən 40%-ə endirilib, ilin sonunadək bu rəqəm, yəqin ki, daha da azalacaq. 2005-ci ilin əvvəlində ölkədə 133 min yeni iş yeri açılıb, bütünlükdə isə son iki ildə açılan yeni iş yerlərinin sayı 311 min təşkil edir.Bu həm də ona sübutdur ki, əgər iki ildə 311 min iş yeri açılıbsa, onda 5 il ərzində 600 min iş yerinin açılması yerinə yetiriləcək. Oktyabrın 1-də minimum əmək haqqının 150 min manata çatdırıldığını xatırladan prezident deyib ki, gələcəkdə də bu plankanın ərtırılması məsələsinə baxılacaq.

Dağlıq Qarabağ münaqişəsinə toxunan İ.Əliyev deyib ki, Azərbaycan artıq 10 ildir ki, sülh danışıqlarına sadiqdir, danışıqlar aparır və bu da sübut edir ki, biz sülh danışıqlarına üstünlük veririk. "Təəssüf ki, danışıqlar hələlik nəticəsiz olaraq qalır, amma müsbət istiqamətdə inkişaf etdirilir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır.Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Digər variantlar ümumiyyətlə müzakirə edilmir" -deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti