...

Rauf Arifoğlu: "Gələn həftə Maştağa, Bilgəh və Zabratda icazəli mitinqlər keçirə bilərik"

Siyasət Materials 16 Noyabr 2005 17:47 (UTC +04:00)

Gələn həftə Bakının Maştağa, Bilgəh və Zabrat qəsəbələrində etiraz mitinqləri keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Bu barədə Trend ə "Yeni Müsavat" qəzetinin baş redaktoru, "Azadlıq" blokunun 28 saylı Sabunçu üçüncü seçki dairəsi üzrə deputatlığa namizədi Rauf Arifoğlu açıqlama verib. Qeyd edək ki, seçkinin nəticələrinə etiraz olaraq R.Arifoğlunun Nardarandakı seçiciləri və yerli sakinlər noyabrın 16-da mitinq keçiriblər. Lakin R.Arifoğlu bu aksiyada iştirak edə bilməyib. Onun sözlərinə görə, buna polislər mane olublar.

R.Arifoğlu deyib ki, özünün və seçicilərinin iştirakı ilə növbəti aksiyaların Maştağa, Bilgəh və Zabrat qəsəbələrində keçirilməsinə qərar verib və bununla əlaqəlar şəhər İcra Hakimiyyətinə müraciət hazırlayıb. Lakin həmin mitinqlərin dəqiq tarixi müəyyənləşdirilməyib, çünki bu məsələ noyabrın 19-da "Azadlıq" blokunun keçirəcəyi yürüş-mitinqin nəticəsindən asılı olacaq.

"Ola bilər ki, noyabrın 19-da keçiriləcək mitinqdə bu aksiyaların davamlı, hər gün olmasına qərar verilsin. Buna görə də Bakının kəndlərindəki aksiyalarla üst-üstə düşə bilər. "Qələbə" meydanındakı mitinqindən sonra Bakının kəndlərində aksiyalarımızın dəqiq gününü təyin edəcəyik"-deyə R.Arifoğlu bildirib. O, həmçinin vurğulayıb ki, Bakının kəndlərində mitinqləri yalnız izacə verildiyi təqdirdə keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti