...

Əli Əliyev AMİP-də bir sıra postlara yeni şəxslərin təqdimatını verəcək

Siyasət Materials 12 Dekabr 2005 17:00 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev partiyanın baş katibi və digər postlarına yeni şəxslərin təqdimatını verəcək. Trend in məlumatına görə, bu barədə dekabrın 12-də mətbuat konfransı keçirən Əli Əliyev açıqlama verib.

Qeyd edək ki, AMİP-in baş katibi vəzifəsində təmsil olunmuş Arzuxan Əlizadə Mərkəzi Seçki Komissiyasının (MSK) üzvüdür və 6 noyabr parlament seçkilərinin nəticələrinin Konstitusiya Məhkəməsinə göndərilməsinin lehinə çıxıb, bu barədə müvafiq protokola imza atıb.

Əli Əliyev bildirib ki, Arzuxan Əlizadə bununla dövləti cinayətdə iştirak edib, seçki saxtakarlığına imza atıb. Ə.Əliyevin sözlərinə görə, MSK üzvünün bu addımı AMİP-in seçkilərlə bağlı mövqeyinə ziddir. Buna görə də AMİP sədri onu baş katib postundan uzaqlaşdırmaq niyyətindədir. Lakin partiyanın Siyasi Şurasının 18 nəfər üzvündən 14-ü Əli Əliyevin bu mövqeyinin əleyhinə çıxıb. "Partiyanın Siyasi Şurasında bu məsələ müzakirə olunub, Şura üzvləri təklif edib ki, Arzuxan Əlizadənin hərəkətinin araşdırılması üçün komissiya yaradılsın. Mən isə bundan imtina etmişəm. AMİP-in 23 rayon təşkilatı artıq Arzuxan Əlizadənin əməllərini pisləyən bəyanatı imzalayıb", - deyə Ə.Əliyev bildirib.

Əli Əliyev onu da qeyd edib ki, partiya daxilində digər bir narazılıq onun "Azadlıq" bloku ilə yaxın münasibətlər qurması ilə bağlıdır. AMİP sədri seçki saxtakarlığına qarşı mübarizədə bundan sonra da "Azadlıq" bloku ilə birgə olacağını vurğulayıb. Onun sözlərinə görə, belə məsələlərlə əlaqədar partiya daxilində narazılıqların yaranmasında maraqlı olan qüvvələr var: "Lakin belə vəziyyət heç bir halda partiyanı parçalaya bilməz. AMİP belə sınaqlardan çıxmış təcrübəli bir partiyadır", - deyə Əli Əliyev vurğulayıb.

Ə.Əliyev bu həftə AMİP lideri Etibar Məmmədovla görüşüb onunla birgə vəziyyəti müzakirəyə edəcəyini də deyib. O əlavə edib ki, sədr kimi partiyanın baş katibi postuna və digər vəzifələrə təqdimatlar verəcək. "Əgər Siyasi Şura bu təqdimatları təsdiqləməkdən imtina etsə, onda Əli Əliyev özünün sədrlik səlahiyyətlərindən istifadə edəcək", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti